Bakı-2015-in proqramına daxil olan taekvondo yarışlarında 128 idmançı iştirak edəcək

Birinci Avropa Oyunlarının taekvondo yarışları “Bakı Kristal Hall”da, dörd çəki kateqoriyasında keçiriləcək. Allsport.az xəbər verir ki, dörd yarış günündə (iyunun 16-19-da) ümumilikdə 128 kişi və qadın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Hər çəki kateqoriyası üzrə Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında ilk 14 yeri tutan idmançılar turnirə birbaşa vəsiqə qazanırlar. Həmçinin yarışlara ev sahibliyi edən ölkəyə bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. Təsnifat yerləri Dünya Taekvondo Federasiyasının olimpiya reytinq sisteminə, yerli milli olimpiya komitəsi üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən müəyyən olunacaq.

Avropa Oyunlarında taekvondoçular səkkiz çəki dərəcəsində ümumilikdə 24 medal uğrunda yarışacaqlar. Kişilər 58, 68, 80 kiloqram və 80 kiloqramdan yuxarı, qadınlar isə 49, 57, 67 kiloqram və 67 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Döyüş hərəsi iki dəqiqə davam edən üç raunddan ibarət olacaq. Əgər yarış üç raunddan sonra heç-heçə ilə başa çatarsa, əlavə olaraq dördüncü raund keçiriləcək. İlk xalı qazanan idmançı görüşün qalibi olacaq.

Avropa Oyunlarında taekvondo yarışlarında xalların hesablanması üçün elektron baş və bədən qoruyucularından istifadə olunacaq. Müasir texnologiya sayəsində hakimin xalın hesablanmasında iştirakı maksimum səviyyədə məhdudlaşdırılır.

Qeyd edək ki, Bakı 2014-cü ilin iyununda yeniyetmələr arasında taekvondo üzrə birinci dünya çempionatına ev sahibliyi edib. Bu yarış sayəsində 12-14 yaş arasındakı yeniyetmələr özlərini gələcək müsabiqələrə beynəlxalq səviyyəli idmançı kimi hazırlamaq və dünya miqyasında yarışmaq fürsəti əldə ediblər.

Taekvondo idmanı ilk dəfə olaraq 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarının proqramına rəsmən daxil edilib. Son illərdə taekvondo daha da məşhurlaşıb və hazırda dünyada 100 milyondan çox insan bu idman növü ilə məşğul olur.

Həmin kateqoriyadan