Bakı-2019-un rəsmi loqosu

Bu gündən etibarən 15-ci Avropa gənclər olimpiya festivalının açılışına rəsmi geriyə sayım başlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı-2019 təşkilat komitəsi tərəfindən AGOF-un rəsmi rəmzi təqdim edilib. “Leo Burnett” adlı brend agentliyinin tərtibatçılarından ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir.

Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda,gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqaisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “bax və hiss et ” şüarını nümayiş etdirməkdir.

Bakı-2019-un emblemi paytaxtın irs və mədəniyyətini (“od” və qədim Azərbaycan naxışı olan “buta”nı), bununla yanaşı, birlik və dostluq konsepsiyalarını birləşdirən möhtəşəm müasir memarlıq nümunələrini (“Alov Qüllələri” və “Heydər Əliyev Mərkəzi”ni) özündə əks etdirir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.

Həmin kateqoriyadan