Bakıda Avropa Olimpiya Akademiyalarının 2-ci beynəlxalq konfransı işə başlayıb

Oktyabrın 29-da “Park İnn Baku” otelində “İlk Avropa Oyunları – Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusunda Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı işə başlayıb. Allsport.az xəbər verir ki, konfransın əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizin dünya Olimpiya hərəkatında mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərilir. Gənclərin asudə vaxtının səmərəli təşkili və onların idmana cəlb olunması üçün mühüm layihələr həyata keçirilir. Təkcə paytaxtda deyil, regionlarda da beynəlxalq standartlara cavab verən Olimpiya İdman kompleksləri gənclərin istifadəsinə verilib. Bütün bunlar ölkəmizdə idmanın kütləviliyinin artırılmasına mühüm töhfə verir.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən danışan İ.İsmayılov respublikamızın mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Bildirib ki, cari ilin iyununda təkcə Avropanın deyil, bütün dünyanın diqqəti paytaxt Bakıya yönəlmişdi. Altı mindən artıq atlet birinci Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə apardı. Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi və qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar.

Ölkəmizə yeddinci dəfə səfər etdiyini vurğulayan Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionisios yüksək qonaqpərvərliyə, tədbirin mükəmməl təşkilatçılığına görə təşəkkürünü bildirib. O vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd Olimpiya ideyalarını təbliğ etmək, Olimpiya hərəkatının dünyaya sülh və əmin-amanlıq gətirdiyini diqqətə çatdırmaqdır. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri konsert proqramı ilə çıxış ediblər.

Konfransda “Müasir dünyada Olimpiya idmanı”, “Şagirdlərin Olimpiya təhsili idmanla məşğul olmaq üçün mühüm motivasiyadır”, “Azərbaycan və Beynəlxalq Olimpiya akademiyaları arasında əlaqələrin möhkəmləndirilməsi” mövzularında müzakirələr aparılıb.
Ümumilikdə 20-yə yaxın ölkənin, o cümlədən Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya idman akademiyalarının rektor, direktor və professorlarının qatıldıqları konfrans üç gün davam edəcək.

144610321915703128_1000x669

Həmin kateqoriyadan