“Bu barədə danışmaq hələ tezdir”

Kişi həndbolçulardan ibarət “Qarabağ” klubunun baş məşqçisi Sabir Nəzərəliyev müsahibə verib. Allsport.az saytı xəbər verir ki, AHF-in mətbuat xidmətinin əməkdaşı ilə söhbətdə o, superliqada son durum barədə danışıb, gələcək hədəfə aydınlır gətirib:

– Çempionat uzun müddətli yarış olduğu üçün burada istər-istəməz zədələr olur, oyunçular fiziki gücdən düşürlər. Çalışırıq ki, yarışın sonuna kimi komandamız lider mövqeyində qərarlaşsın. Lakin çox gərgin mübarizə gedir. Yekunda uğurlu nəticəyə nail olmaq üçün əlimizdən gələni edirik.

– “Qarabağ”ın əsas rəqibi “Bakı”, yoxsa “Kür”dür?
-“Bakı” və “Kür” Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. “Qarabağ”ın hələ ki, heç bir çempionluğu, titulu yoxdur. Bu komandalar bizə ən böyük rəqibdir. Hazırda həm “Kür”, həm də “Bakı” çempionluğa oynayır və buna layiqdirlər. Yeganə məqsədimiz bu komandaları qabaqlamaqdır.

– Komandada gənc oyunçuların çıxışlarını necə qiymətləndirirsiniz?
– Çempionatda ən gənc oyunçulara malik klub məhz “Qarabağ”dır. Biz də gənclərimizin inkişafına üstünlük veririk. Onlar da bu etimadı doğruldurlar. Bunun üçün gənc həndbolçulara təşəkkür edirəm.

– Avropa miqyaslı yarışlara qatılmaqla bağlı planlar varmı?
– Bu barədə danışmaq hələ tezdir. Çünki çempionat hələ davam edir. Əlbəttə, qitə turnirlərində iştirak vacibdir. Bu heyətimizdə olan gənc idmançıların inkişafı baxımından önəmlidir. Onlar beynəlxalq yarışda özlərini doğrultmalı, Avropa və dünya həndbolunun təcrübəsindən yararlanmalıdırlar. Lakin biz hazırda Avropa miqsaylı yarışlara qatılsaq belə, ciddi uğurlar əldə etmək çətin olacaq. Çünki, heyətimizdə olan gənc oyunçuların böyük təcrübə toplamasına ehtiyac var.

Həmin kateqoriyadan