“Bu, xarakter oyunu idi”

“Bu, xarakter oyunu idi”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA millətlər liqasının qrup mərhələsində Litva üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, komandanın xarakter nümayiş etdirdiyini bildirib:

“Əvvəlcədən bilirdik ki, qarşımızdakı oyunlar çətin olacaq. Buna hazırlaşmışdıq. Futbolçular da buna hazır idi. Əsas məqam odur ki, zədələr yoxdur. Bu seriyada məğlub olmadıq. Lixtenşteynə qalib gəlib bu oyunda uduzsaydıq, əvvəlki qələbənin əhəmiyyəti itəcəkdi.

Psixoloji cəhətdən futbolçularda inamsızlıq görünürdü. Sevindirici haldır ki, son 3 gün ərzində futbolçular toparlandılar və inandılar. Bu, xarakter oyunu idi. Daha əvvəl də qeyd etdiyim kimi, güclərimiz bərabərdir.

Sevinirik ki, bu gün gənc oyunçular ilk dəfə meydana çıxıb öz güclərini sınadılar. Performanslarına baxıb deyə bilərəm ki, yaxşı çıxış etdilər. Mahir Emrelinin oyunun sonunda müdafiəyə kömək etməsi və ümumilikdə komandanın sonadək mübarizə aparması gələcək üçün inam verir.

Noyabr ayında bizi bir rəsmi, bir yoldaşlıq oyunu gözləyir. Ümid edirik ki, hər ikisində qalib gəlib bu ili qələbə ilə başa vurarıq”.

Həmin kateqoriyadan