Bu gün Rio Yay Olimpiya Oyunlarının açılışı keçiriləcək

Bəşəriyyətə ən parlaq bayramlardan birini – sanballı festivalların solmaz rənglər palitrasını, sönməz ulduzlar işığını, usanmaz ürəklərin həyat şövqünü, əbədi hərəkət mühərrikini bəxş etmiş, xalq səadətinin nə olduğunu aşılamış Rio indi də dünyamızın ən böyük ümid, birlik, bərabərlik, sülh və əmin-amanlıq bayramına qucaq açır: “Arzular şəhəri” Rio Olimpiya Oyunlarına ev sahibliyi edir. Allsport.az saytı xəbər verir ki, bu gün yerli vaxtla saat 20:00-da bütün dünyanın gözü Braziliyanın adı dillər əzbəri olan Rio de Janeyro şəhərinə yönələcək. Həmin gün əsas şüarı “Yeni dünya” (portuqalca – “Um mundo novo”) olan Oyunların açılış mərasimi əfsanəvi “Marakana” stadionunda keçiriləcək.

Beləliklə, 1896-cı ildə təməli qoyulmaqla bəşəriyyətin ən irimiqyaslı sülhməramlı sosial hərəkatına çevrilmiş olimpiya oyunları ilk dəfə Amerika qitəsinin cənub hissəsində təşkil ediləcək. Həmçinin Mexiko-68-dən sonra Latın Amerikasının cəmi ikinci şəhəri bu böyük idman təntənəsinə ev sahibliyi edir. Bununla, əfsanəvi bayram ovqatına daha biri də köklənəcək, təkcə Braziliyanın deyil, dünya xalqlarının nümayəndələrinin iştirakı ilə yeni al-əlvan rəngli idman festivalının təntənəsi tarixə yazılacaq.

Azərbaycan bayrağını boksçu Teymur Məmmədov daşıyacaq. Təntənəli keçiddə iştirak edəcək nümayəndə heyətimizin dəqiq iştirakçılarının siyahısı hələ açıqlanmır. Mərasim Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Həmin kateqoriyadan