Buenos Ayres-2018 olimpiya oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyəti ilə görüş

Milli olimpiya komitəsində Buenos Ayres yeniyetmələrin yay olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, görüşdə gənclər və idman naziri Azad Rəhimov, onun müavini  İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev, onun müavini Azər Əliyev, idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə yarışda iştirak edəcək komandamız haqqında məlumat verib. O bildirib ki, millimiz ilk yarışda 8 medalla (5 qızıl, 3 gümüş) 11-ci yerdə, 2-cidə 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) 10-cu yerdə başa vurub. MOk rəsmisi nümayəndə heyətinə uğurlar arzulayıb və Azərbaycan komandasının Argentinada da ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini deyib.

Azərtac.az-ın məlumatına görə, bu yarışlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Mehman Kərimov oyunlar çərçivəsində tərəfdaş “Toyota Qafqaz” MMC-ni iştirakçılara təqdim edib. Oyunların təbliğatı və tətbiq ediləcək bir sıra vacib yeniliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli iştirakçılara oyunlardan əvvəl və yarış zamanı dopinqlə mübarizə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib. Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini və MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev Olimpiya Komandasının Argentinaya gediş-gəlişi, geyimi, akkreditasiya və digər texniki məsələlər barədə iştirakçıları məlumatlandırıb və onların suallarını cavablandırıb.

Buenos Ayres-2018 oyunları 6-18 oktyabrda keçiriləcək. Azərbaycan 17 olimpiyaşı (8 qız, 9 oğlan), 12 məşqçi və hakimdən, nümayəndə heyətinin rəhbərindən və gənc səfirdən ibarətdir. İdmançılarımız 9 idman növü üzrə lisenziya qazanıblar. Olimpiya yığmasının heyətinə üzgüçü Fatimə Alkərəmova, stolüstü tennisçilər Jinq Ninq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq çəki dərəcəsində) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (100 metr məsafəyə qaçış) daxildilər.

Həmin kateqoriyadan