“Cəfəng iddiaları erməni saytları çoxdan tanıdığım Lev Sarkisovun adından da yaya bilərlər”

Azərbaycanda alpinizmin zəngin tarixi var. Allsport.az saytının məlumatına görə, alpinistlərimiz ölkəmizin, Qafqazın, keçmiş SSRİ-nin və dünyanın ən məşhur zirvələrini fəth ediblər. Sözsüz, bu fəthlər qurbansız, faciəsiz ötüşməyib. Bu da təbiidir, sözügedən idman növünün ekstremallığını səciyyələndirən şərtlərdəndir. Olub ki, sahənin rəhbərliyində qeyri-peşəkarlar, səriştəsiz şəxslər yer alıb. Şəxsi ambisiyalar, qisasçılıq, qütbləşmələr, fürsətcil məmurların yürütdükləri yarıtmaz siyasət, bir-birinə alternativ qrupların əl atdıqları haqsız rəqabət üsulları güclü, təcrübəli idmançıları, gerçək “dağ qartalları”nı perik salıb, bu idman növünün inkişafını ləngidib. Ancaq bu məqalədə biz sahəiçi intriqalardan deyil, tamam başqa məsələdən söz açacağıq.

1999-cu ilin yazında məşhur gürcü alpinist Beniamin (Beno) Kaşakaşvili maraqlı sülhməramlı layihə fikirləşir. Regiondakı konfliktlərin fonunda Kaşakaşvili Qafqaz xalqlarının nümayəndələrindən ibarət beynəlmiləl alpinistlər komandası yığmağı və birlikdə planetin ən yüksək zirvəsi olan Everest pikini fəth etməyi, bu xalqların bir-biriylə dosluq etməyi də bacardıqlarını dünyaya sübut etməyi təklif edir. Tezliklə “Qafqaz-99” adlanan komanda yığılır. Onun tərkibinə güclü alpinistlər – Beno Kaşakaşvili özü və Bidzina Qucabidze (gürcülər), Afi Qiqani (svan), Saridan Mursaqulov (azərbaycanlı), Lev Sarkisov (erməni) qatılırlar…

Sonradan bir sıra erməni və ermənipərəst kütləvi informasiya vasitələrində, o cümlədən, “Armenian Geografic” internet jurnalında Lev Sarkisovun həmin ekspedisiya barədə xatirələri paylaşılıb. Sarkisov deyib ki, azərbaycanlı Saridan Mursaqulov təxminən 7 min metr yüksəklikdə özünü pis hiss edib və səhhətində yaranmış problemlə əlaqədar yürüşə davam edə bilməyib. Sarkisov iddia edib ki, Mursaqulovdan Azərbaycan bayrağını təhvil alıb, onu zirvəyə sancacağına dostcasına söz verib və 1999-cu il mayın 12-də vədini yerinə yetirib. Onun bu sözünü sitat gətirirlər: “Dağlarda milli mənsubiyyət söhbəti yoxdur. Azərbaycanlı mənim dostum oldu. Yürüşə davam edə bilməməsindən məyus oldum və onun xatirinə ölkəsinin bayrağını zirvəyə qaldırdım…” 

Erməni və ermənipərəst KİV Sarkisovun həmin vaxt Everesti fəth etmiş ən yaşlı (60) adam olduğuna görə Ginnesin Rekordlar Kitabına düşdüyünü, Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze tərəfindən ordenə layiq görüldüyünü yazıblar.

Başqa bir rusdilli informasiya mənbəyində isə Sarkisov iddia edir ki, həmin ekspedisiyanı adının çəkilməsini istəməyən bir erməni biznesmen maliyyələşdirib, komanda üzvlərinin hər biri üçün Nepal hökumətinə 25000 ABŞ dolları vəsait ödəyib. Həmçinin iddia olunur ki, qeyri-məqbul hava şəraitində Sarkisov İsveçdən olan alpinistlərə erməni konyakı verərək, onların həmin dövr üçün yenilik olan bahalı “Eriksson” mobil rabitə vasitələrindən Qafqaz komandasının informasiya ehtiyacı üçün istifadə edə bilib, xüsusilə də ən vacib olan hava proqnozunu öyrənib. Bir sözlə, təkcə azərbaycanlını deyil, bütün komandanı erməniyə borclu çıxarıblar.

Lev Sarkisov verdiyi müsahibələrdən birində qəhrəmanımız Ramil Səfərovun da “bostanına daş atmağı” unutmayıb: “Adam var, yanındakını yatdığı yerdə baltalayır, adam da var, başqasını xilas etmək üçün kəndirdən möhkəm yapışır…”

Maraqlıdır ki, rəsmi mənbələrdə Azərbaycan bayrağının dünyanın ən yüksək zirvəsinə qaldırılması tarixçəsi məhz həmin “Qafqaz-99” beynəlmiləl yürüşü ilə başlasa da, internet üzərindən apardığımız araşdırma nəticəsində azərbaycandilli resurslarda nə Sarkisovun iddialarına, nə də ona verilən cavablara rast gəlmədik. Odur ki, 67 yaşlı qocaman alpinistimiz, respublikanın əməkdar məşqçisi, “Tərəqqi” medallı Saridan Mursaqulovun özü ilə telefon əlaqəsi yaradıb məsələyə münasibət bildirməyini xahiş etdik. Mövzu ilə ətraflı tanış olması üçün xarici KİV-də Sarkisovun iddialarının yer aldığı məqalələrin linklərini ünvanını bizə dediyi imeyl poçtlarına göndərdik. Məsələyə münasibət bildirərkən ilk dediyi söz bu oldu: “Erməninin yaxşısına da lənət!..”  

1999-cu ilin mayını isə belə xatırlayır: “Sarkisov Ermənistanın deyil, Gürcüstanın vətəndaşı idi. O vaxt Ermənistanda bu işi yerinə yetirə biləcək başqa namizəd yox idi. Mənim səhhətimlə bağlı yürüşü davam etdirə bilməməyim doğrudur. Bilirsiniz, alpinizmdə belə hallara tez-tez rast gəlinir, ölüm – itim də olur. Komanda uğur qazanırsa, o uğurdan heyətin başa çıxmayan üzvlərinə də pay düşür. Həmin beynəlmiləl komandanın hər bir üzvündə təmsil etdikləri ölkələrin hamısının, üstəlik həm də Nepalın bayrağı var idi. Yəni, bizlərdən yalnız birimiz Everestə çatmış olsaydı belə, üstündəki bütün bayraqları zirvəyə taxmalı idi. O ki qaldı mənə, özümdəki bayraqları, o cümlədən, Azərbaycan bayrağını əsla erməni Lev Sarkisova deyil, milliyyətcə svan olan Afi Qiqaniyə təhvil vermişəm…”

Həmin yürüşün xərclərinə gəlincə, S.Mursaqulov erməni alpinistin dediklərini uydurma adlandırdı: “Yürüşün maliyyələşməsi üçün adambaşına heç də 25 min deyil, haradasa 40 min dollara yaxın vəsait tələb olunurdu. Təyyarə ilə Nepala uçuş xərcini Avstriya aviaşirkəti öz üzərinə götürəndən sonra adambaşına tələb olunan məbləğ 30 min dollara düşdü. Sonradan oksigen balonları üçün əlavə 3 min dollar lazım gəldi. Azərbaycan tərəfi – Cənab İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi mənim iştirakım üçün gərəkən 33 min dolları tam ödədi. Yəni, heç bir erməni biznesmeninin sponsorluğundan söhbət gedə bilməz. Qrupun qalan üzvlərinin yürüşünü Beno və dostlarının əlaqələri hesabına maliyyələşdirmək mümkün olmuşdur”.

Bütün bunlarla yanaşı, S.Mursaqulov belə bir ehtimalı da dilə gətirdi ki, bu cəfəng iddiaları erməni saytları 1979-cu ildən tanıdığı Lev Sarkisovun xəbəri olmadan onun adından da yaya bilərlər. Odur ki, mütləq Gürcüstandakı dostları, dediklərini təsdiqləyə biləcək şəxslərlə, hətta mümkün olsa Sarkisovun özü ilə əlaqə saxlayacağını, məsələnin yerinə çatacağını vəd etdi: “Əgər Sarkisov o sözləri dediyini etiraf etsə, mən də onunla bağlı başqa məsələlərin üstünü açacağam”.

81 yaşlı L.Sarkisov sağdır və yəqin ki, onun adından təqdim olunan və hələlik ən axırıncısı bu ilin may ayında “Armeniya i Rossiya” internet nəşrində dərc olunan iddialardan xəbərdardır. Əgər demədiklərini yazıblarsa, yaxud, dediklərini təhrif ediblərsə, indiyədək münasibətini bildirər, düzəliş edilməsinə nail olardı.

Pünhan ŞÜKÜR, “Dərkənar”      

Həmin kateqoriyadan