Canni de Byazi: “Lazımsız qayda pozuntuları etməməliyik”

Millətlər liqasında “Dalğa arena”da Azərbaycan – Slovakiya oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçi Canni de Byazi bunu deyib:

“Qazaxıstan və Belarusla oyunlarda rəqibdən üstün futbol oynadıq, keyfiyyətli oyun nümayiş etdirdik. Təəssüf ki, hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu amil bizi məyus edir. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir. Sabah bizi ağır oyun gözləyir. Slovakiyanın Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu.

Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.Tənqidin olması normaldır. Bu, sizin və mütəxəssislərin işidir. Hər kəs öz işini görür. Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər.

Statistikaya baxırıq, indi burada 2 qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey mümkündür. Slovakiya millisi qrupumuzun ən güclü komandasıdır. Oyunçularının çoxu İtaliyada, İngiltərədə çıxış edir, yüksək keyfiyyətə malikdirlər. Oyunlarını analiz etmişik.

Qazaxıstanla oyunda çoxlu qol imkanları oldu, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik”.

Həmin kateqoriyadan