Çingiz Abdullayev: “Xaricdə çıxış etmək daha çətindir”

“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, “Neftçi”nin veteran futbolçusu Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı çap edilən “Bitməyən matç” kitabının təqdimat mərasimində iştirak edib. Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən Çingiz Abdullayev Nazim Süleymanovun zəngin karyeraya malik olduğunu xatırladaraq, bu məlumatların kitab halında gələcək nəsillərə ötürülməsinin təqdirəlayiq hal olduğunu bildirib:

“Bir azərbaycanlı kimi Nazim Süleymanov haqqında yazılmış bu kitabın təqdimat mərasiminə qatılmağı özümə borc hesab edirəm. Nazim Süleymanov nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük uğurlar qazanıb. Futbolçu üçün xaricdə çıxış etmək daha çətindir. Çünki insan qürbətdə öz xalqını təmsil edir. Bu kitabın rus dilində nəşr olunması da çox yaxşı məqamdır. Belədə həmin kitabı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də oxuya bilərlər”.

Qeyd edək ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutmuş tədbirə “Neftçi” PFK-nın Müşahidə şurasının üzvü Səməd Qurbanov da qatılıb.

Varis Yolçuyevin müəllifi olduğu kitabda səbəbkarın Azərbaycan və Rusiya karyerasından bəhs edilib, tanınmış simalardan fikirlər yer alıb.

Həmin kateqoriyadan