Çingiz Hüseynzadə: Azərbaycan Rio-2016-da geniş tərkibli komandalardan biridir

Milli Olimpiya Komitəsində Rio-2016 ilə bağlı mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki,toplantıda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın olimpiya komandasının əsas heyətinin avqustun 1-də Braziliyaya yola düşəcəyini deyib. Azərbaycanlı idmansevərlərin qarşılaşmaları İctimai Televiziya vasitəsilə izləyə biləcəklərini diqqətə çatdıran natiq, idmançılarımızın nəticələri barədə xəbərlərin operativ qaydada MOK-un internet resurslarında yerləşdiriləcəyini söyləyib.

Rio Olimpiadasında yığma komandamızın geniş tərkibli komandalardan olduğunu deyən vitse-prezident idmançılarımızın medalların sayı və keyfiyyəti baxımından London Olimpiadasına nisbətən daha üstün nəticə ilə qayıdacaqlarına vurğulayıb.

Olimpiadada velosipedçilərimizdən də uğurlu nəticə gözlədiyini qeyd edən Çingiz Hüseynzadə təhlükəsizlik məsələləri ilə bağlı deyib: “Olimpiadada güclü velosipedçilərdən ibarət komandamız da iştirak edəcək. İdmanın bu növü üzrə dörd lisenziya üzrə üç atlet yarışacaq. Velosipedçilərimizdən də yaxşı nəticə gözləyirik. “Zika” virusu ilə bağlı Atletlər Kəndində heç bir problem olmayacaq. Nazirliyin İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutu tərəfindən xüsusi çantalar hazırlanıb ki, orada ağcaqanaddan qorunmaq üçün müəyyən tibbi ləvazimatlar var”.

MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, olimpiya oyunları zamanı ənənəvi olaraq, “Zəfər günləri” təşkil ediləcək. Uğur qazanan idmançılar, onların ailə üzvləri və yaxınları xüsusi internet resursları və televiziya vasitəsilə efirə çıxacaqlar.

Komitənin informasiya və nəşriyyat şöbəsinin müdiri Cəmaləddin Rəhmanov Rio olimpiadasına Azərbaycandan 10 media nümayəndəsinin yollanacağını bildirib. Bütün internet resurslarımız var gücü ilə çalışacaq. Biz təbliğat və təşviqat prosesini “Rio-2016 – birlikdə güclüyük” devizi altında həyata keçiririk. Olimpiada tarixində ilk dəfə “Olimpiya kanalı” istifadəyə verilib. Kanala ancaq Milli Olimpiya komitələrinin çıxışı var. Onun vasitəsilə biz də internetlə canlı yayım həyata keçirəcəyik”. Sonda jurnalistlərin sualları cavablandırılıb.

Həmin kateqoriyadan