- Baxış sayı: 28
- 14 İyul 2026 19:15
- Baxış sayı: 102
- İyul 13, 2026
- 0

Beynəlxalq şahmat federasiyası (FİDE) 2027-ci ildən etibarən keçiriləcək dünya kuboku üçün yenilənmiş reqlamenti açıqlayıb.
Allsport.az xəbər verir ki, dəyişikliklər həm kişilər, həm də qadınlar arasında təşkil olunacaq turnirlərə şamil ediləcək.
Yeni qaydalara əsasən, dünya kuboku iki mərhələdən ibarət olacaq və ümumilikdə 19 gün davam edəcək.
İlk mərhələ İsveçrə sistemi üzrə keçiriləcək. Şahmatçılar hər partiyada 45 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt əldə edəcəklər.
Kişilər arasında dünya kuboku dörd, qadınlar arasında isə iki qrupa bölünəcək. Hər qrup beş gün ərzində doqquz tur oynayacaq və qruplar iştirakçıların reytinqinə uyğun balanslaşdırılacaq.
Seçmə mərhələsinin yekununda 1/8 finaldan başlayacaq pley-off mərhələsi formalaşacaq. Kişilər arasında hər qrupdan dörd, qadınlarda isə hər qrupdan səkkiz şahmatçı növbəti mərhələyə vəsiqə qazanacaq.
Yeni reqlamentə əsasən, iştirakçı sayı da artırılacaq. Kişilər arasında turnirdə şahmatçıların sayı 206-dan 224-ə, qadınlarda isə 103-dən 128-ə yüksələcək. Həmçinin ümumi mükafat fondu 2,67 milyon ABŞ dollarından 3,3 milyon dollara çatdırılacaq.
İndiyədək dünya kuboku olimpiya sistemi ilə keçirilirdi. İştirakçı sayının artması və yarışın 27 gün davam etməsi beynəlxalq təqvimdə çətinliklər yaratdığından FİDE format dəyişikliyi etmək qərarına gəlib.