Dünya taekvondo federasiyasının qeydiyyatından keçən yerli bölmələr və klublarla görüş

Dünya taekvondo federasiyasının rəsmi üzvlük sisteminin ilk qeydiyyatından keçən yerli bölmələr və klublarla görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə ATF-in baş katibi Həmdiyyə Məmmədov açıb. O, federasiyanın qlobal üzvlük sisteminə qoşulmasını mütərrəqi hadisə kimi qiymətləndirib, bu sistemin taekvondo klublarına, məşqçi-müəllimlərə və idmançılara səmərəli fəaliyyət göstərməsinə şərait yaradacağını qeyd edib.

ATF-in vitse-prezidenti Nağı Səfərov rəsmi qeydiyyatdan keçən bütün klubları və taekvondo bölmələrini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb: “İlk tədbir kimi martın 30-da keçiriləcək dan imtahanı məhz bu sistem vasitəsilə baş tutacaq. Artıq indiyədək 33 klub, 1000-dən artıq üzv bu sistemdə qeydiyyatdan keçib. Sevindirici haldır ki, klublar bu sistemə qoşulmaqda maraqlıdır və özlərini ən yaxşı tərəfdən göstərirlər”.

ATF-in idarə heyətinin üzvü Vüqar Məmmədov, rəsmi üzvlük sistemini tətbiq etməli olduğunu və bunun beynəlxalq federasiya tərəfindən qoyulan bir tələb olduğunu diqqətə çatdırıb, bu prosesə qoşulmaqla, öz ciddi dəstəyini verməklə beynəlxalq federasiya qarşısında öz öhdəliyini yerinə yetirdiyini vurğulayıb.

Sonda Azərbaycan taekvondo federasiyası rəsmi üzvlük sistemində qeydiyyatdan keçmiş klub məşqçilərinə üzvlük vəsiqələri, sertifikatlar və hədiyyələr təqdim edib.

Həmin kateqoriyadan