Edam kəndirinin halqasına çevriləcək 0 xal – Elxanı unutmayın!

AFFA-nın baş katibi Elxan Məmmədov yenə gizlənib. Allsport.az saytı xəbər verir ki, hətta adi tədbirlərdə də görünmür. İştirak edəndə də fotoqraflardan, jurnalistlərdən qaçır. Milli komandamızın qarşıda 2 vacib oyunu var. Uelslə səfər matçından sonra Bakıda Xorvatiyanı qəbul edəcəyik. İndiyəqədərki 3 matçda 0 xal topladığımızı nəzərə alsaq, vəziyyət faciəvidi. Hətta ev oyunlarında darmadağın olan millimizin Kardiffdə möcüzə etməsi mümkünsüzdü. Qrupun favoriti olan xorvatlarla matçda da nəyəsə ümid etmirik. Təbii ki, xal qrafasında olan 0 rəqəmi tezliklə dar ağacından sallanan kəndirin halqasına çevriləcək və kiminsə boynuna keçəcək. Başqa cür mümkün deyil, kimsə hesabat verməlidi. Klub futbolunda nisbi irəliləyiş varkən, xüsusilə “Qarabağ”ın sayəsində sabit nəticələr sıralanarkən milli komanda uçuruma yuvarlanmaqda davam edir.

AFFA-nın indiki rəhbərliyi 10-12 ili boşa verib, yığmalarda oynamağa layiq namizədlər çox azdı, hətta start “11-liy”i düzəlmir. Futbol təsərrüfatımız məhv edilib və bu gün məhz AFFA rəhbərliyi cavab verməlidi. Bəhanə üçün heç bir əsas yoxdu. İndiki rəhbərliyin hakimiyyətə gəldiyi dövrdə futbola başlayan uşaqlar bu gün milli komandalarımızın özəyini təşkil etməli idi. 12 il kifayət qədər uzun müddətdi, lakin… Uelsdə biabırçı məğlubiyyət ehtimalı var. Və bunu baş katib Elxan Məmmədov da bilir, azarkeşlərin, ictimaiyyətin ona yüklənəcəyindən xəbərdardı. Bütün futbol təsərrüfatını təkbaşına idarə etdiyi üçün məhz onun hədəfə gəlməsi normaldı. Katib də belə məsələlərdə ağıllı adamdı, mətbuata çıxmır, gizlənir, başqalarını önə verir. Təbii ki, hamisi Elşad Nəsirovu yox, digər vitse-prezident Rauf Əliyevi. Futbolçularla görüş, açıqlamalar, fotolar… Bu gün İsgəndər Cavadov və ya başqa hansısa məmurun da açıqlaması, müsahibəsi olacaq.

Onların mətbuatda görünməsi Məmmədovun günahlarının paylanmasına, bölüşdürülməsinə səbəb olmamalıdı. Ölkə futbolunun bugünkü bərbad durumunun birbaşa səbəbkarı hər şeyi marketoloq düşüncəsi ilə məhv edən Məmmədovdu. Manşetə şəklini qoyuruq ki, milli komandanın qarşıdakı uğursuzluğunda əsas günahkarın kim olduğunu biləsiz. Gizlənsə də, qaçsa da – baş katib 10 ildi dağıda-dağıda gəldiyi futbolumuzun xarabalığı üzərində çaqqal uladır, özü də hansısa daşın arxasında gizlənib. Görün, vəziyyət nə qədər biabırçıdı ki, millinin baş məşqçisi Nikola Yurçeviç müdafiənin mərkəzində, yarımmüdafiədə oynatmağa futbolçu tapmır. Dünənədək Slovakiyaya, Macarıstana qarşı bilərəkdən zəif oynadığı iddiası ilə ittiham etdikləri Rahil Məmmədovun zədələnməsini indi faciəyə çeviriblər, alternativ olmamasından gileylənirlər. Cənab Yurçeviç, baş katbdən soruşun, bəlkə sizə 10-12 ildə nə işlə məşğul olduğunu deyər. O zaman niyə futbolçu yetişdirilmədiyini, doğru strategiya seçilmədiyini, ümumiyyətlə, bugünədək hara baxdığını açıqlayar. 

Nikola Eddi İsrafilovun yoxluğunu da ciddi itki sayır. Halbuki bu futbolçu indiyədək bir yaralı barmağa dərman olmayıb. Belədə onun yoxluğunun niyə belə müzakirə edilməsi maraqlıdı. Varlığı nəyi dəyişirdi ki, yoxluğu nəyəsə səbəb ola? Eh, Elxan Məmmədov, ölkə futbolunu ən aşağı səviyyəyə endirmisən, təki yanılım, amma Uelsdə bizi faciə gözləyir. Heç olmasa, Xorvatiyayla Bakıdakı oyunun biletlərini təcili şəkildə SOCAR-ın müxtəlif müəssisələrinə, zavod işçilərinə dağıt. Yoxsa azarkeşlər yenə gəlib istefanı istəyəcək və bu dəfə qurtula bilməyəcəksən… (Futbolinfo.az)

Həmin kateqoriyadan