Finaldakı məşhur hadisədən danışdı: “Zidanın anasını söyməmişdim”

İtaliya millisinin keçmiş futbolçusu Marko Materatsi 2006-cı ildə keçirilən dünya çempionatının Fransa ilə final matçında Zinəddin Zidanla arasında yaşanmış olay barədə ilk dəfə danışıb. Allsport.az xəbər verir ki, keçmiş müdafiəçi Zidanın onun sinəsinə kəllə vurmasının səbəbini deyib:

“Anam 15 yaşımda olarkən vəfat etdi. Mən heç vaxt onun anasını söymərəm. Bacısı barədə söz demişdim. Zidanın kəlləsi? Mən bunu həmin an gözləmirdim. Bəxtim gətirdi ki, buna hazır deyildim. Əgər qarşıdurmaya hazır olsaydım, ikimiz də meydandan qovulacaqdıq. Meydanda aramızda bir az təmas var idi. İlk hissədə komandasının qolunu penaltidən vurdu.
 
Baş məşqçimiz Marçello Lippi mənə tapşırdı ki, Zidana nəzarət elə. Aramızdakı ilk sərt mübarizədən sonra üzr istədim, amma pis reaksiya verdi. Bu mübarizə 110 dəqiqə davam etdi. Üçüncü sərt mübarizədən sonra qışqırdım və etiraz etdim. O, mənə tərəf baxıb lağ edərək dedi ki, sənə formamı verəcəm. Cavab verdim ki, bacının formasını seçərəm”.

Həmin kateqoriyadan