MDB oyunlarının açılışı olub

Tatarıstanın paytaxtı Qazanda keçirilən I MDB oyunlarının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.

İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar.

Ardınca rəsmi hissə start götürüb. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciəti oxunduqdan sonra Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov yarış iştirakçılarını salamlayıb.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov Tokio-2020 yay olimpiya oyunlarındakı nəticələri təhlil etdiklərini diqqətə çatdırıb.

“MDB ölkələrinin bütün medalları bir yerə yığışsaydı, biz birinci yerdə olardıq” deyən Anfimov oyunları açıq elan edib. Sonda Rusiyanın dövlət himni səsləndirilib.

I MDB oyunları sentyabrın 11-dək davam edəcək.

Həmin kateqoriyadan