“İdman”ın əməkdar jurnalisti Bakı metropoliteninin mətbuat katibi təyin olunub

Bu yaxınlarda “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində gözlənilməz hadisə baş verib. Allsport.az saytı xəbər verir ki, rəis Nəsimi Paşayev könüllü olaraq vəzifəsindən ayrılıb. Hazırda onu müavini  Bəxtiyar Məmmədov əvəz edir. Həmkarımız KİV-də əsasən Batı Yar imzası ilə idman yazarı kimi tanınır. Təcrübəli qəzetçi 1990-cı ildə Respublika rus dili olimpiadasının qalibi kimi M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna müsabiqədənkənar daxil olub və həmin institutu 1995-ci ildə fərqlənmə diplomu ilə bitirib.

Mətbuat sahəsində mütəmadi peşəkar fəaliyyətə 1997-ci ildə “Supersport” qəzetində başlayıb. Şöbə müdiri və texniki redaktor olub. 2000-ci ildə Gənclər və İdman Nazirliyinin rəsmi orqanı “İdman”da şöbə müdiri vəzifəsində işləməyə başlayıb. Qəzetin baş redaktor müavini, baş redaktorun əvəzi vəzifələrində çalışıb və həmkarlar ittifaqı təşkilatının sədri olub. 10-dan artıq kütləvi və elektron informasiya vasitəsi ilə əməkdaşlıq edib.
Azərbaycan və rus dillərində məqalələri dərc olunub.

2009-cu ildə Bakı metropolitenində “Metro” qəzetinin redaksiyasına müxbir vəzifəsinə qəbul olunub. 2010-2016-cı illərdə qəzetin redaktor müavini vəzifəsində çalışıb. 2016-cı ildən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışır.

Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı sahəsində dövlət siyasəti ilə bağlı 2 kitabın əsas müəlliflərindən biri olub. Bir neçə kitabın redaktoru olub.
2012-ci il noyabrın 5-də Milli Olimpiya Komitəsinin 20 illiyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətinə görə Azərbaycan prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Həmin kateqoriyadan