“Əgər sabah azarkeşlər gəlib bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq”

Azərbaycan futbolçuları Avro-2024-ün seçməsində sabah Tofiq Bəhramov adına respublika stadionunda Avstriya millisini qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyunu öncəsi baş məşqçimiz Canni de Byazi bunu deyib:

“Ağır oyundan, uzun səfərdən gəlmişik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır. Bizimlə keçirdikləri ilk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar, Ralf Ranqnik yaxşı futbol oynadır. Onların Belçika matçındakı nəticəsi aldadıcı ola bilər. Avstriya, Belçikadan daha yaxşı oynadı.

İlk matçda da fikirləşirdim ki, nəticə fərqli olacaq. Amma 1:4 uduzduq. 0:2-dən sonra lazımsız səhvlərə yol verdik, rəqibin işi asanlaşdı. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq. Avstriyanın heyətində 5 futbolçu yoxdur, amma vacib oyunçuları var.

Əgər sabah azarkeşlər gəlib bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Gəlməsələr, 11 nəfər olacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə, gözəldir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq”.

Həmin kateqoriyadan