İslam həmrəyliyi oyunlarında zorxanaçıların mübarizəsi “Büllur saray”da olacaq

Mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi 4-cü İslam həmrəyliyi oyunlarının proqramına daxil edilən idman növlərindən biri də zorxanadır. Allsport.az saytı xəbər verir ki, bu nözdə yarış 3 gün ərzində “Büllur saray”da keçiriləcək. Rəqabət kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq.

Bəs zorxana idmanı haqqında nə bilirik? Zorxana iki sözdən ibarətdir: “zor” güc və ya qüvvət, “xana” isə ev mənasını verir. Beləliklə, zorxana güc, qüvvət evi deməkdir. Zorxana İranın ənənəvi “pəhləvan məktəbi”dir. İyirminci əsrin ortalarınadək zorxana anlayışı bilavasitə güləşlə əlaqələndirilirdi. Döyüş və müharibə ilə bağlı olan bu idman növündə fiziki hərəkətlər pəhləvanların dözümlülüyünü, diqqətliliyini, çevikliyini və sürətlərini artırmaq məqsədi daşıyır. Zorxana pəhləvanı vətəni və xalqı qarşısında borcunu yerinə yetirməli, böyüklərə hörmət etməlidir. Bu idmançılar döyüş zamanı mil, səngi, qalxan, kaman və zəncir kimi müxtəlif zorxana alətlərindən istifadə edirlər.

İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan Bakı-2017 gələn il mayın 12-22-də Azərbaycan paytaxtında keçiriləcək. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) – atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3×3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağırlıqqaldırmada mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq.

Həmin kateqoriyadan