- Baxış sayı: 77
- 30 Sentyabr 2026 15:54
- Baxış sayı: 179
- Oktyabr 04, 2026
- 0

Allsport.az xəbər verir ki, Masallı olimpiya idman kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar bədən tərbiyəsi və idman xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda yunan-Roma güləşində 10, sərbəstlərdə 5 çəkidə qaliblər müəyyənləşib.
Turnirin açılış mərasimində Azərbaycan güləş federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara regional gənclər və idman idarəsinin rəis müavini Könül Manafova, Masallı rayon icra hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, fəxri bədən tərbiyəsi və idman işçisi Məşkur Qasımov, “Şöhrət” ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər.
Tədbirdə belə yarışların təşkilinin güləşin inkişafına böyük təkan verdiyi bildirilib. Həmçinin vurğulanıb ki, Masallı pəhləvanlarının tanınmış simaları Nadir Ağayev və Yaqub Məmmədovun yetirmələri bu gün ölkəni beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edir, zəngin ənənələri davam etdirirlər.
U-17 yaş qrupu üzrə keçirilən ənənəvi yarışda 26 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yunan-Roma güləşində Məhəmməd Musalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı (51 kq), Musa Məmmədov (55 kq), İlkin Qurbanov (60 kq), Eldəniz Allahverdiyev (65 kq), Rəfail Əhədli (71 kq), Zəka Yusubov (80 kq), Ruslan Nuriyev (92 kq) və Məhəmməd Orucov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sərbəst güləşdə isə Əli Baloğlanov (51 kq), Ruslan Mirzəyev (60 kq), Ruhid İspərov (65 kq), Siyasət Dadaşov (71 kq) və Tural Eynullayev (110 kq) çempion olublar.