“Macarıstana qarşı ən pis oyunumu keçirdim”

“Xəzər Lənkəran” və gənclərdən ibarət millimizin perspektivli hücumçusu Elnur Cəfərov Apasport.az saytına müsahibə verib. Allsport.az xəbər verir ki, 19 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində “ay-ulduzlular”ımızın son iki oyununda çıxış edən gənc forvard Slovakiyaya 1:4 hesablı məğlubiyyət, komandadakı vəziyyət və son turda Sloveniya ilə matç barədə fikirlərini bölüşüb.

– Komandamızın üzləşdiyi ağır məğlubiyyətin səbəblərini necə izah edə bilərsən?
– İlk turda Macarıstanla matçla müqayisədə, bu dəfə görüşə yaxşı başlamışdıq. Düzdü, fasiləyə məğlub yollandıq, amma ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirdik. Üzücü məqam odu ki, hesab bərabərləşəndən dərhal sonra rəqib ikinci qolu vurdu. Bu da bizim üçün pis oldu. Özümüzü toparlamağa çalışsaq da, slovakiyalılar bizi əks-hücumda yaxalayıb, daha bir dəfə fərqləndilər.

– Həmin qolu matçın qırılma nöqtəsi saymaq olar?
– Əlbəttə. Biz 1 top geri olanda heç-heçəyə nail olmağa çalışdıq. Ancaq fərqin 2 topa çatması bizim üçün pis oldu.

– Macarıstanla 1:1 hesabı ilə başa çatan görüşdə hücumda, slovaklara qarşı isə yarımmüdafiəçi kimi oynayırdın. Yerdəyişmə çıxışına necə təsir elədi?
– Açığı, yaxşı oynamadım. Yəni, istənilən oyunu ortaya qoya bilmədim. Macarıstana qarşı, ümumiyyətlə, ən pis oyunumu keçirdim. Nədənsə oyunum alınmadı.

– Bəlkə oyunun hücumda yer aldığın üçün alınmadı?
– Xeyli vaxtdı hücumda oynamırdım. Hətta U-19-un Almaniyadakı toplanışına da qatılmamışdım. Çünki zədəli idim. Klubum “Xəzər Lənkəran”da daha çox cinahlarda yer alıram.

– Matçdan əvvəl Slovakiyanın oyununu izləyib hansısa təhlillər aparmışdız?
– Belə baxanda, biz onlardan heç də zəif deyilik. Mübarizə apardıq. İkinci qolu vura bilərdik. Oyunun taleyini 3-cü qol həll elədi.

– Amma fərdi oyuna daha çox üstünlük verirsiz, lazımi anda komanda yoldaşlarına ötürmə verməyə gecikirsən. Buna görə baş məşqçi sənə irad bildirmir?
– Meydança yaxşı vəziyyətdə deyildi. Komanda üçün nə isə etməyə çalışıram. Düzdü, fərdi oynayıram, lazımı anda ötürmə verə bilmirəm, gecikirəm. Bunu özüm də hiss elədim. Oyunum alınmadı, bundan da yaxşısını edə bilərdim.

– Son turda Sloveniya ilə keçiriləcək qarşılaşma barədə nə düşünürsən?
– İnanıram ki, bu oyunda qələbə qazanacağıq. Mərhələ adlamaq şansımız var. Bundan sona qədər istifadə edəcəyik.

Həmin kateqoriyadan