“Olimpiya hərəkatı” kütləvi idman proqramının qalibləri mükafatlandırıldı

İyunun 7-də Milli Olimpiya Komitəsində “Olimpiya hərəkatı” kütləvi idman proqramının qaliblərinin mükafatlandırması təşkil olunub. Allsport.az saytı xəbər verir ki, əvvəlcə MOK-un marketinq departamentinin rəhbəri, proqramın əlaqələndiricisi Mehman Kərimov “Olimpiya hərəkatı” haqqında məlumat verib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə proqramın əhəmiyyətini yüksək qiymətləndirib. Proqrama Bakının 330 məktəbindən 52 min şagirdin qatıldığını vurğulayan vitse-prezident iştirakçılara təşəkkürünü bildirib, müəllimlərin əməyini xüsusi vurğulayıb. Müəllimlərin proqramda fəal iştirakı və layihəyə dəstək olmaları bizi çox sevindirir. Azərbaycandan əvvəl bu proqram dörd ölkədə icra olunub. Bakıda keçirilən yarış onlardan geri qalmayıb, hətta digərlərindən yüksək səviyyədə təşkil olunub.

“Yarışa 4 federasiya cəlb olunmuşdu. Biz futbol istisna olmaqla, uşaqlar arasında ən çox sevilən və oynanılan idman növlərini seçdik. Bunlar atletika, basketbol 3×3, badminton və velosiped idmanıdır. Əgər idmanın digər növlərini seçsəydik, yarışa peşəkar idmançıları cəlb etməli idik. Ancaq idmanın bu dörd növü ilə uşaqlar gün ərzində mütəmadi olaraq məşğul olurlar. Hər dörd federasiyaya göstərdiyi köməyə görə minnətdarlığımı bildirirəm. Biz hazırda bu proqramın ənənəvi qaydada keçirilməsinə çalışırıq”, – deyə Çingiz Hüseynzadə bildirib.

Proqramın qaliblərinin MOK-un dostu olduğunu vurğulayan vitse-prezident gələcək illərdə şagirdlər arasından böyük idmanla məşğul olanların, həmçinin Avropa, dünya çempionlarının çıxacağına əminliyini diqqətə çatdırıb.

Sonra proqrama göstərdiyi köməyə görə, bir neçə qurum fəxri fərman və təşəkkürnamə ilə təltif edilib. Sonda qalib şagirdlərə fəxri fərmanlar verilib. İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının orta ümumtəhsil məktəblərində təhsil alan 12-16 yaşlı şagirdlərdir.

Həmin kateqoriyadan