Olimpiya kəndində görüş

Pxençxan qış olimpiya oyunlarının həyəcanı davam edir. Allsport.az saytı xəbər verir ki, 92 iştirakçı sırasında Azərbaycanın da dövlət bayrağı dalğalanır. Koreyada ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunur.

Ötən gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov Olimpiya kəndinə gələrək şəraitlə tanış olub, idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Azərbaycan nümayəndə heyəti üçün ayrılan mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı və nümayəndə heyətinə yaradılan şərait barədə məlumat verib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərdiyi diqqət və qayğıdan danışıb. Əmin olduğunu bildirib ki, qış idman növləri bazasından səmərəli istifadə edilməklə, yerli idmançıların yetişməsinə diqqət artırılacaq və ölkəmiz növbəti Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaq. MOK-un baş katibinin müavini Azər Əliyev ölkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də tezliklə bu inkişafın sıralarına qoşulacağına inandığını vurğulayıb. O, Tokio-2020 olimpiadasında atletlərimizin, eyni zamanda, ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyinə də əminliyini ifadə edib.

Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

Həmin kateqoriyadan