Paracüdo millisi ilə görüş

Paracüdo millisi ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Azərbaycan milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov, 1-ci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, kişi komandanın baş məşqçisi İbrahim İbrahimov və qadınlardan ibarət yığmanın 1-ci çalışdırıcısı Ramin İbrahimov iştirak ediblər.

Tədbir Sumqayıt şəhərində yerləşən paralimpiya idman kompleksində baş tutub. İlqar Rəhimov bildirib ki, 2 həftə sonra idmançılarımızı olduqca məsuliyyətli yarış gözləyir. İlk dəfə olaraq Bakıda para cüdo idman növü üzrə beynəlxalq qran-pri yarışı baş tutacaq. “Siz də bu yarışlara ciddi hazırlaşırsınız. Artıq bir neçə dəfə təlim məşq toplantılarında iştirak etmisiniz. İki həftə sonra isə doğma divarlar arasında, yerli azarkeşlər qarşısında gücünüzü nümayiş etdirməlisiniz” – komitə prezidenti söyləyib.

Yarışın əhəmiyyətindən söz açan MPK prezidenti əlavə edib ki, bu yarışlar Tokio-2020-yə lisenziya xalları qazandırır. “İnanırıq ki, siz bu yarışlarda uğurla çıxış edəcək, “Tokio 2020″ yay paralimiya oyunlarına lisenziya xalları qazanacaqsınız” – deyə o vurğulayıb.

Sonra idmançılara yeni formalar və yarışların akkreditasiyaları təqdim olunub. Tədbirdən sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli paracüdo idman növündəki yeni qaydalar ilə bağlı idmançılara təlim keçib.

Həmin kateqoriyadan