FOTO
İlqar Rəhimov yenidən paralimpiya komitəsinə prezident seçildi

28 sentyabr 2021-ci il tarixində Azərbaycan respublikası milli paralimpiya komitəsinin video-konfrans vasitəsilə ümumi yığıncağı keçirilmişdir. Allsport.az xəbər verir ki, milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov iclası açıq elan etmiş və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilmişdir. Sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılmışdır.

Milli paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov Azərbaycan respublikası milli paralimpiya komitəsinin 2017-2021-ci illər üzrə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Tokioda keçirilən XVI yay paralimpiya oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan milli paralimpiya komandası yüksək nəticə göstərmişdir. Ötən paralimpiya oyunlarından keçən dövrdə görülən işlərin məntiqi nəticəsi olan bu uğurun həyata keçirilməsi bir komanda olaraq hər birimizin uğuru kimi qiymətləndirilə bilər. Bu uğurun davamı olaraq da 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XVII yay paralimpiya oyunlarına hazırlıqla əlaqədar milli paralimpiya komitəsi tərəfindən görülən işlər haqqında geniş məlumat vermişdir.

Ümumi yığıncaqda Tokio 2020 XVI yay paralimpiya oyunlarının mükafatçıları milli paralimpiya komitəsinə üzv seçiliblər. Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən milli paralimpiya komitəsinin prezidenti seçilmişdir. İlham Zəkiyev və Yaşar Hacıyev Komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifələrinə seçilmişlər. Yığıncaqda MPK-nin icraiyyə komitəsinin aşağıdakılardan ibarət yeni tərkibi də təsdiq edilmişdir:

1. Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

2. Zəkiyev İlham Əzizağa oğlu – ARMPK-nin vitse-prezidenti, icraiyyə komitəsinin üzvü

3. Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse-prezidenti Sumqayıt paralimpiya idman komitəsinin direktoru, İcraiyyə komitəsinin üzvü

4. Məmmədov Kamal Cabir oğlu – ARMPK-nin baş katibi, icraiyyə Komitəsinin katibi

5. Sultanova Afaq Vaqif qızı – cüdo üzrə paralimpiya çempionu, İcraiyyə komitəsinin üzvü

6. Kərimova Vüsalə Akif qızı – “əlil idmançılara dəstək”, İB-nin baş katibi, icraiyyə komitəsinin üzvü

7. Sadıqov Sadıq Asəf oğlu – “Neftçi” İK icraçı direktoru, icraiyyə komitəsinin üzvü

8. Məmmədov Aydın Ağa oğlu – GİN-nin sektor müdiri, icraiyyə komitəsinin üzvü

9. Behbudov Vüqar Şəfa oğlu – sosial xidmətlər agentliyinin idarə heyətinin sədri, icraiyyə komitəsinin üzvü

10. Kərimov Mehman Bayram oğlu – milli olimpiya komitəsinin şöbə müdiri, İcraiyyə komitəsinin üzvü

11. Zeynalova Afaq Şakir qızı – qış idman növləri federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, icraiyyə komitəsinin üzvü

Həmin kateqoriyadan