Qara Qarayev: “Mən yalnız bunu istəyirəm”

Milli komandamızın müdafiəçisi Qara Qarayev Lent.az saytına müsahibə verib. Allsport.az xəbər verir ki, Avro-2016-nın seçmə qrup mərhələsində Norveçlə oyundan danışan gənc futbolçu qarşıdakı ev görüşü ilə yanaşı, Mahmud Qurbanovun fəaliyyətini də dəyərləndirib.

– Norveçlə oyuna az qalıb. Hazırlıq necə gedir?

– Hər şey qaydasındadır. Hamı ciddi şəkildə oyuna hazırlaşır. Oteldən bayıra çıxmırıq. Bütün futbolçular əlindən gələni edir ki, məşqdə özlərini yaxşı tərəfdən göstərsinlər.

– Mahmud Qurbanovun baş məşqçi vəzifəsinə müvəqqəti keçməsindən sonra nə dəyişib?
– Mahmud müəllim xeyli vaxtdır ki, millidə işləyir. Sadəcə, baş məşqçi kimi yenidir. Komanda ona tapşırıldıqdan sonra istək və motivasiyamız artıb. Hamısı yerli oyunçulardır. Bizə deyib ki, Norveçlə matça çıxıb, yaxşı oynamaq lazımdır.

– Səncə, millimizin Norveçə qalib gələcəyi nə dərəcədə realdır?
– Udub-uduzmaq haqda indidən heç nə demək istəmirəm. Yaxşı oynamağa çalışacağıq.

– Amma bütün azarkeşlər sizdən qələbə gözləyir. Yəqin bunun məsuliyyətini dərk edirsiniz…
– Təbii ki. Azarkeşlərin bizdən qələbə gözlədiklərini bilirik. Xorvatiyaya ağır məğlubiyyətdən sonra dönüş etmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Millimiz ilk 3 oyunda xal toplaya bilməyib. Əgər Norveçə qalib gəlsək, həqiqətən, qrupda dönüş edə bilərikmi?
– Futbolda hər şey mümkündür. Amma bu barədə danışmaq tezdir. Norveçə qalib gələndən sonra fikir yürütmək olar. Çünki qələbə motivasiya və inamı artırır.

– Norveçin ikinci mərtəbədə daha yaxşı oynadığı məlumdur. Bu isə o deməkdir ki, künc zərbələri və standart vəziyyətlər zamanı müdafiə xəttimiz çox diqqətli olmalıdır…
– Məşqçilər korpusu rəqibin üstün tərəflərini analiz edib. Həqiqətən də, standart vəziyyətlər zamanı çox təhlükəlidirlər. Məşqlər də məhz bunun üzərində qurulub. Biz Norveçin istədiyini etməsinə imkan verməyib, öz üstün tərəflərimizdən yararlanmalıyıq.

– Rəqibin heyətində ən çox kimi diqqətdə saxlamaq lazımdır? Bununla bağlı, baş məşqçi sizə tapşırıq verib?
– Hələ hazırlığın o mərhələsinə gəlib çıxmamışıq. Norveç yığması ümumi komanda halında analiz edilib. Yəqin ki, qarşıdakı günlərdə rəqib futbolçuların fərdi olaraq, təhlili aparılacaq.

– Sonda bir məsələyə də münasibətini öyrənmək istərdik. Mahmud Qurbanovun baş məşqçi postunda çox qalmayacağı, milliyə xarici məşqçinin gətiriləcəyi dəqiqdir. Sən kimin bu posta gətirilməsini istərdin?
– Kimi istəyirəm deməyim düz çıxmaz. İndiki məqamda bizi Norveçlə oyun düşündürür. Baş məşqçi haqda federasiya rəhbərliyi qərar verəcək. Kim gələcəksə, milliyə xeyri dəysin. Mən yalnız bunu istəyirəm.

Həmin kateqoriyadan