Roman Qriqorçuk: Planımız dəyişməz qalır

Premyer Liqanın 7-ci turunun “Qəbələ”-“Qarabağ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikiri ilə tanış edir: ““Qarabağ”a qalib gəldik və vacib olan 3 xalı qazandıq. Futbolçularımız bu gün gözəl oyun nümayiş etdirdilər. İdeal olmasa da, bu, mənim arzuladığım futboldur. İlk yarıda çox gözəl oyun göstərdik. İstədiyimiz kimi oynadıq. Fasilədən sonra “Qarabağ” üstün olsa da, bu, onların bizi müdafiə olunmağa məcbur etdiyi demək deyil.

Bugünkü oyuna görə futbolçulara “afərin” deyirəm. Planımız dəyişməz qalır. Buna sadiq qalaraq, oyundan oyuna inkişaf etmək istəyirik. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin xeyirli olacağını düşünürəm. Sıx qrafikdə oynayırdıq və fasilədən faydalanacağıq. Futbolçularımızda fiziki cəhətdən problem olduğunu düşünmürəm. Kim daha hazırlıqlıdısa, heyətdə də həmin oyunçu yer alır. 14 nəfərdən artıq futbolçunu meydana buraxa bilməzdim. Azərbaycanlı və legioner futbolçular arasında fərq qoymuram. Kim layiqdirsə, o da meydana çıxır. Azərbaycanda yaxşı futbolçular var.

Bu gün hər iki komandada kifayət qədər yerli futbolçu çıxış etdi. Heyətimizdə yaxşı azərbaycanlı oyunçular var. Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov və Rəşad Sadiqovu qeyd edə bilərəm. Rəşad mənim üçün fenomendir. Elvin də bu oyunda çox yaxşı çıxış etdi. Asif isə get-gedə artırır. Futbolçuların hamısı ilə eyni proqram əsasında çalışırıq. Onların fərdi keyfiyyətlərinə baxır, bəziləri ilə fərdi məşğul oluruq. Matçın ilk hissəsindəki oyun istəyimə çox yaxın idi. Amma hələ öz üzərimizdə işləməliyik”.

Həmin kateqoriyadan