Stolüstü tennis üzrə Bakı kubokuna yekun vurulub

Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq mərkəzində 2008 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə paytaxt kubokuna yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, turnirdə 45 idmançı iştirak edib. Oğlanlar arasında keçirilən fərdi yarışlarda Rüstəm Hacılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim Rəhimzadə ikinci, Ömər Aslanlı üçüncü yeri tutublar. Qızların fərdi yarışında isə Şəbnəm Mansurova və Aynur Ağayeva müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Nigar İsmayılzadə isə üçüncü yerlə kifayətlənib.

Oğlanların qoşa yarışlarında Ömər Aslanlı və İsmayıl Məmmədov turnirin qalibi olublar. Hüseyn Musazadə, Nihad Rüstəmov dueti yarışı ikinci, Daniel Belov, Musa İsmayılov cütlüyü isə ilk üçlüyü tamamlayıblar.

Qızların qoşa yarışlarında Banu Baytallı və Şəbnəm Mansurova bütün rəqiblərindən üstün olublar. Sürəyya Quluzadə, Nigar İsmayılzadə ikinci, Nübar Yarova, Xədicə Musayevadan ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar.

Qoşa qarışıq yarışlarda isə Rüstəm Hacılı, Şəbnəm Mansurova birinci yeri, Ömər Aslanlı, Sürəyya Quluzadə ikinci yeri, Hüseyn Musazadə, Xədicə Musayeva üçüncü yeri tutublar.

Sonda qaliblərə baş idarə tərəfindən medal və diplomlar təqdim olunub.

Həmin kateqoriyadan