“Sumqayıt”dan ilk

Topaz Premyer Liqasının 36-cı turu “Sumqayıt” üçün ilklə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə “İnter”ə qalib gəlib.

Paytaxt təmsilçisi ilə əvvəlki 11 qarşılaşmada qalib gələ bilməyən sumqayıtlılar uğursuz seriyanı ev oyununda qırıb – 3:1. Əvvəlki qarşılaşmalarda cəmi 1 qol vurub, 3 heç-heçə edən “Sumqayıt” 8 dəfə uduzmuşdu.

Bu qələbə “Sumqayıt”ın ardıcıl 2-ci uğuru olub. 35-ci turda “Xəzər Lənkəran”a qalib gələn (2:0) sumqayıtlılar Premyer Liqadakı klub rekordunu təkrarlayıb. Belə ki, komanda indiyədək ən yaxşı halda ardıcıl 2 qələbə qazanıb. Bunadək 4 belə seriyası olan sumqayıtlılar 5-ci dəfə ardıcıl 2 qalibiyyət alıb.

“Sumqayıt” həm də mövsümdə ilk dəfə bir oyunda 3 qol vurub. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 2-dən artıq qol 2014-cü il aprelin 20-də “Neftçi” ilə səfər matçında vurmuşdu. Onda 3:1 hesabı ilə qalib gələn sumqayıtlılar 403 gündən sonra belə məhsuldarlıq göstərib.

Həmin kateqoriyadan