Tino Peres: Azərbaycan millisində çətinliklər var

Futzal üzrə Azərbaycan millisi və “Araz”ın baş məşqçisi Tino Peresin azerisport.az-na müsahibə verib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis qarşıdakı avrokubok oyununu dəyərləndirib, Azərbaycandakı şəraitdən, ab-havadan danışıb.

– UEFA Kubokunun elit mərhələsinə hazırlıq necə gedir?
– Geridə qalan həftələrin yaxşı keçdiyini deyə bilərəm. Amma etiraf edim ki, çətinliklər də var. Görüləcək işlərim çoxdur. Buna görə təəssüflənmirəm. Çünki öncədən də işimin çətin olacağını bilirdim. Bu turnirə hazırlıq üçün vaxtımız az idi.

– Yeni oyunçular var?
– Komandanı necə qəbul etmişəmsə, elə də davam edirik. Heç bir dəyişiklik yoxdur.

– “Araz” Rusiya “Dina”sı, Slovakiya “Slov-Matik”i və Çexiya “Xrudim”i ilə oyunlarda nəyə ümid edir?
– Ancaq birinci yerə! Bu komandaların oyunlarının məndə çoxlu videoyazısı var. Hər komandanı ayrıca analiz etməyə çalışıram. Başa düşürəm ki, çətin olacaq. Amma “Araz” bu qrupdan çıxmalıdır.

– Komandada hazırda neçə legioner var?
– Yeddi legionerimiz var. Onların bəzisinin Azərbaycan pasportu var.

– Siz onları Azərbaycan millisinə də dəvət edəcəksiz?
– Əgər Azərbaycan pasportları varsa, niyə də dəvət etməyim?

– Millidəki işləriniz nə yerdədir?
– Elit mərhələnin oyunları başa çatandan sonra yığmanı bir araya gətirəcəm. Bizi Daşkənddə turnir gözləyir. Orada Belarus, Qazaxıstan və Özbəkistanla qarşılaşacağıq. Bu turnir bizim üçün seçmə mərhələyə əla hazırlıq prosesi olacaq.

– Azərbaycana alışa bilmisiz?
– Burada mənim üçün hər şey yaxşıdır. İmkan düşən kimi şəhəri gəzməyə çalışıram. Bakının havası da xoşuma gəlir. Günəşli günlər çoxdur, yağış az olur, ən əsası da hələ qar yoxdur. Demək olar ki, İspaniyadakı kimidi. Sizdə Mosvkadan daha yaxşıdı. Orada qar olmayanda yağış yağır, yağış olmayanda da qar.

Həmin kateqoriyadan