Valentin Demyanenko: “Mənim üçün hazırda ən vacib yarış Avropa Oyunlardır”

Beynəlxalq Prezident Kuboku reqatasında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə qalib adını qazanmış Valentin Demyanenko fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 32 yaşlı kanoeçi jurnalistlərə açıqlamasında güclü rəqiblərlə mübarizə apardığını bildirib.

O, rəqibləri arasında gənclər arasında dünya çempionatının gürcüstanlı bürünc mükafatçısı Zaza Nadiradzeni xüsusi qeyd edib. “Nadiradzedən başqa digərləri də çox ciddi rəqiblər idi. Yəni final yürüşünün səviyyəsi də zəif deyildi” deyən Demyanenko küləyin bərabər şərtlər altında hərəkətə maneçilik törətdiyini vurğulayıb: “Amma biz bu çətinliyin öhdəsindən gəldik və hər şey normal alındı”.

4 qat dünya və 4 qat Avropa çempionu hazırda əsas məqsədinin I Avropa Oyunlarında yüksək səviyyədə çıxış etməkdən ibarət olduğunu söyləyib: “Bu yarış mənə Avropa oyunlarına hazırlıq baxımından əhəmiyyətli idi. Çünki hazırda mənim üçün ən vacib yarış məhz bu Oyunlardır. Hazırlaşıram, çalışıram. Avropa oyunlarında qələbə, yaxşı nəticələr göstərmək üçün mübarizə aparacağıq. Artıq özümü buna hazır sayıram. Zədə ilə bağlı problemim qalmayıb. Demək olar ki, tam bərpa olunmuşam. Yarışda bütün gücümü ortaya qoyacağam”.

Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Həmin kateqoriyadan