Atletika federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir. Allsport.az xəbər verir ki, növbəti ikigünlük seminar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və muxtar respublikanın Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib.

Məşqçilər üçün keçirilən nəzəri seminarı Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov açaraq, Naxçıvan Muxtar Respublikasında bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib. Sonra Azərbaycan Atletika Federasiyasından Naxçıvana gəlmiş məşqçi-müəllimlər, beynəlxalq dərəcəli Məşqçi və respublika dərəcəli hakimlər Aqil Paşayev və Ceyhun Hüseynov çıxış ediblər. Hər iki lektor əvvəlcə seminarın mövzuları barədə danışıblar.

Bildirilib ki, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası atletika idman növündə kütləviliyi artırmaq üçün 2003-cü ildə assosiasiyanın konqresində uşaq atletikasının inkişafına dair “Kids Athletics” (Uşaq atletikası) adlı layihə təqdim edib və 2005-ci ildən bu layihənin icrasına başlanılıb. “Kids Athletics”, əsasən 6-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların idmanla məşğul olmalarını, əylənmələrini və eyni zamanda, onların fiziki cəhətdən inkişafını təmin etməkdir. Buna görə də “Kids Athletics” layihəsi mütəhərrik oyunlar və komanda yarışları əsasında tərtib olunub. Bu layihə atletika idman növünü peşəkar atletika və uşaq atletikası olmaqla, 2 hissəyə bölüb.

Seminarın ikinci mərhələsində məşqçilər məktəbli uşaqlarla Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində praktik məşqlər keçiblər. Altı komanda (Əlincə, Sədərək, Ordubad, Babək, Arpaçay, Batabat) və 100-ə yaxın uşaq atlet seminarda layihəyə daxil olan sədlərlə qaçış, ip atdı, top atma, vortex atma, çarpazvarı tullanma və dözümlülük kimi növlərdə mübarizə aparıb.

Qeyd edək ki, “Kids Athletics” proqramının Azərbaycanda tətbiqinə 2012-ci il sentyabrın 6-9-da Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının layihəsi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş “KidsAthletics” adlı beynəlxalq seminardan sonra başlanılıb.

Həmin kateqoriyadan