2 güləşçimiz finalda

2 güləşçimiz finalda

Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil edilən mundialın 2-ci günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.

Əli Cavadlı (45 kq) bolqarıstanlı Oqnyan Burqazovla gürcüstanlı Luka Bolkvadzeyə 9:0 hesabıyla qalib gəlib. Yarımfinalda iranlı Armin Esmaili xalçaya çıxmadığı üçün güləşçimiz finala yüksəlib. Əli sabah finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.

Abdurrahman Hüseynli (51 kq) qazaxıstanlı Kuanişbek Janqajol (9:0), əlcəzairli Lyes Bumaza (9:0), ermənistanlı Gevorq Harutyunyan (6:4) və gürcüstanlı Səba Abaşidzeyə (9:3) qalib gələrək dünya çempionatının finalına vəsiqə qazanıb. Abdurrahman həlledici görüşdə özbəkistanlı Bunyod Hasanovla güləşəcək.

Elmir Çərkəzov (60 kq) qazaxıstanlı Nurəli Əskəri (2:0) üstələdikdən sonra almaniyalı Kristiano Liibtsaytı ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. Çərkəzov daha sonra belaruslu Raman Şarkovdan (3:0) güclü olub. Yarımfinalda iranlı Əmirreza Tahmasbpurmarzuniyə 4:5 hesabıyla məğlub olan Elmir sabah bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

Nadir Həsənov (71 kq) debütdə tacikistanlı Mehdi Əzizboyevi vaxtından əvvəl (10:1) yolundan kənarlaşdırsa da, 1/8 finalda ukraynalı Roman İvanikə uduzub – 0:9.

Zöhrab Səfərov (92 kq) ilk mərhələdə ukraynalı Hlib Yevsiyevə 4:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zöhrab sabah təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.

Həmin kateqoriyadan