Ağdamlılar bilet satışında yeniliyə imza atdılar

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasının biletlərinin satışına start verilib. Allsport.az xəbər verir ki, bilet satışının ilk günündən etibarən kassa önündə azarkeş növbələri yaranıb. Sevincidir haldır ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır.

“Qarabağ” FK rəhbərliyi bu oyundan etibarən kassada xanım satıcıların köməyindən istifadə edərək daha bir ilkə imza atıb. Bununla kassa önündə nizam-intizamı artıran klub rəhbərliyi bu addımın uğurlu olduğunu bildirib. Eyni zamanda azarkeşlərin sıraya girmədən öncə istədiyi biletin qiymətini və sektorunu rahatlıqla tapa bilməsi üçün stadionun böyük sektor xəritəsi kassa yanında quraşdırılıb. Bütün kassaların fəaliyyət göstərməsi kassa önündə sıxlığın yaranmasının qarşısını alıb.

“Qarabağ” FK rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. “Qarabağ” FK tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

“Qarabağ” FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız.

Həmin kateqoriyadan