Alen Dopşi və millimizin baş məşqçisi ilk oyunu dəyərləndirdi

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunub. Allsport.az onların səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Peres Moreno Qomez Faustino (Azərbaycan millisinin baş məşqçisi): “Komandamı təbrik edirəm. İlk oyunlar həmişə çətin keçir. Amma bu gün komandam yaxşı oynadı. Verdiyi dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Tez-tez əvəzetmələr etməyim səbəbsiz deyildi. Çünki komandamın daim aqressiv, sürətli oynamasını istəyirəm. Bəzi futbolçularımız zədələrini yenicə bərpa ediblər. Onlar hələ tam hazır deyillər. Sabah bizi Danimarka yığması ilə oyun gözləyir. İlk növbədə gücümüzü bərpa etməliyik. Yalnız sabahkı görüşdən sonra qrup qalibi olmaq haqda düşünmək olar”.

Alen Dopşi (Belçika millisinin baş məşqçisi): “Bu, bizim üçün vacib oyun idi. Azərbaycan millisi turnirin favoritidir və belə bir güclü rəqibə qarşı oynadıq. “Araz Naxçıvan”ın ötən il “Dördlər finalı”ndakı oyununu izləmişdim. Komanda məndə xoş təəssürat yaratmışdı. Doğrudur, Azərbaycan millisinin baş məşqçisi dəyişib. Amma komandanın oyununda ciddi dəyişiklik sezmədim. Komanda əvvəlki kimi yaxşı oyun nümayiş etdirir”.

Həmin kateqoriyadan