Altay Həsənov: Bizim gimnastikanın inkişafı bəzilərinin xoşuna gəlmir

“Azərbaycanın idmanın, xüsusən də gimnastikanın inkişafı naminə etdiklərini heç bir ölkə etmir“

Bakıda idman tarixində 1-ci Avropa Oyunları çox gözəl və möhtəşəm keçir. Allsport.az saytı xəbər verir ki, ölkəmizdə populyar olan bədii gimnastikaya bu gün start verilib. Gərgin mübarizədə qrup komandamız növbəti mərhələyə adlaya bilməyib. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bu nəticəni hakimlərin qeyri-obyektivliyində görür. Azərtac-a müsahibəsində o bu barədə belə deyib:

“İllərdir gimnastika idman növlərində hakimlərin subyektivliyini görürük. Onlar Azərbaycan komandasına münasibətdə qeyri-obyektiv qərarlar çıxarır, qiymətləri çıxışa uyğun vermirlər. Yarışlara həmişə səylə hazırlaşırıq ki, bizə nöqsanlar tutulmasın. Təəssüflər olsun ki, bu gün də qrup komandaların çıxışında bəzi ölkələrə layiq olmadığı qiymətlər verdilər. Ona görə də biz istəyirik ki, belə hallar təkrarlanmasın. Bu qeyri-obyektivliyə son qoyulması üçün Avropa Gimnastika İttifaqına və Beynəlxalq Gimnastika Federasiyasına etirazlarımızı bildirir və məsləhətləşmələr aparırıq”.

AGF-nin vitse-prezidenti qeyd edib ki, Azərbaycan gimnastları yarışa çox yaxşı hazırlaşıblar və azarkeşlər bunu görürlər. Mütəxəssislər də bu fikirdədir ki, Azərbaycan gimnastlarına həqiqətən çıxışlarına görə qiymət verilmir. Bizim gimnastikanın inkişafı bəzilərinin xoşuna gəlmir və buna mane olmaq istəyirlər. Amma biz öz yolumuzu seçmişik. Azərbaycanda idmanı, gimnastikanı inkişaf etdiririk.

“Komandamız bu gün çox gözəl çıxış etdi. Üç-dörd komanda bizdən geridə olmalı idi. Təəssüflər olsun ki, bəzi ölkələrə yenə layiq olmadıqları qiyməti verdilər və nəticədə onlar bizdən qabağa keçdilər. Bu qeyri-obyektivlik artıq bizi yorub. Çünki Azərbaycanın idmanın, xüsusən də gimnastikanın inkişafı naminə etdiklərini heç bir ölkə etmir. Odur ki, yolumuzdan dönməyəcək və mübarizəmizi davam etdirəcəyik”, – deyə A.Həsənov vurğulayıb.

Həmin kateqoriyadan