“Apollon” – “Qəbələ” matçı qalmaqalla bitdi

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə Kipr “Apollon”u arasında Larnakada keçirilmiş ilk oyunun sonu böyük qalmaqalla müşaiyət olunub. Allsport.az xəbər verir ki, hər şeyə hakimin əlavə vaxt başlayan kimi meydan sahiblərinin qapısına penalti təyin etməsi səbəb olub.

Bu, həm Kipr təmsilçisinin futbolçularının, həm də stadiona toplaşan azarkeşlərinin böyük etirazına səbəb olub. Təxminən 3-4 dəqiqəlik mübahisələrdən və etirazlardan sonra hakimin təyin etdiyi penalti zərbəsini “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov dəqiqə yerinə yetirərək, hesabı bərabərləşdirib – 1:1.

Nə qədər təəssüfləndirici olsa da, Cavid 11 metrlik zərbəni vurandan sonra xoşagəlməz jest etməklə yerli fanatları və rəqib futbolçuları daha da özündən çıxarıb. Hakim isə meydana yad əşyaların atıldığını, meydana kənar şəxslərin daxil olduğunu görərək, matçı sona çatdırmadan futbolçuları paltardəyişmə otağına aparıb. Yeri gəlmişkən, bu vaxt tuneldə tərəflər arasında gərgin anlar da yaşanıb.

Təxminən 10-15 dəqiqəlik fasilədən sonra hakim futbolçuları yenidən meydana çıxarıb və əlavə vaxtın qalan 2-3 dəqiqəsini yekunlaşdırıb. Bu zaman ərzində qapılara qol vurulmadığından, “Apollon” – “Qəbələ” matçı elə 1:1 hesabı ilə yekunlaşdı. Amma stadionda baş verən olaylara görə Kipr təmsilçisinin UEFA tərəfindən sərt cəzalanağı şübhəsizdir. “Qəbələ” isə səfərdəki bu uğurlu nəticədən sonra doğma meydanda növbəti mərhələyə vəsiqəni təmin etməyə borcludur.

Sonda “Qəbələ”nin kapitanı Cavid Hüseynovun da qol vurduqdan sonrakı jestinə görə qitə futbol qurumu tərəfindən cəzalanması istisna deyil.

Həmin kateqoriyadan