“Atletik”in futbolçusu: “İnter” öz meydanında hücuma daha çox atılacaq”

İspaniyanın “Atletik” klubunun yarımmüdafiəçisi Benyat Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, Bilbaoda 2:0 hesabıyla qalib gəlmiş La Liqa təmsilçisinin üzvü öncə bunları söyləyib:

“İlk oyunda 2 cavabsız qolla qalib gəlmişik. Amma bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bakıda havaların isti keçməsin, oyunun keçiriləcəyi arenanın süni örtüklü olması da ciddi önəm kəsb etmir. İstənilən halda müsbət nəticə qazanmağa çalışmalıyıq”.

Futbolçunun sözlərinə görə, onlar süni örtüklü meydana tez alışa biləcəklər: “Süni örtüklü qazonda məşq etməmişik. Amma orada iki dəfə məşq edən kimi, buna uyğunlaşacağıq”.

Benyat cavab qarşılaşmasının necə keçəcəyinə dair suala belə cavab verib: “Rəqib bu dəfə qol vurmağa, uğur qazanmağa çalışacaq. Bilbaoda onlar bütün diqqəti müdafiəyə yönəltmişdilər və əks-hücum futboluna üstünlük verirdilər. Amma cavab matçında rəqibin hücuma atılacağını düşünürəm. Bu isə bizim üçün qol vurmağa şans yaradacaq”.

İspaniyalı futbolçu “San Mames” stadionunda əldə etdikləri üstünlüyü əldən verməməyə çalışacaqlarını bildirib: “İnter” üçün hər şey kifayət qədər aydındır. Rəqib öz oyununu göstərməyə, azarkeşlərinin gözü önündə qələbə qazanmağa çalışacaq. Amma biz də əlimizdən gələni edəcəyik ki, rəqibin sürprizə imza atmasına imkan verməyək”.

Həmin kateqoriyadan