“Azərbaycan dünya idman tarixinə ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi düşəcək”

Serbiya Milli Olimpiya Komitəsinin prezidenti, ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş məşhur basketbolçusu Vlade Divats 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı AzərTAc-ın xüsusi müxbirinə müsahibə verib. Allsport.az həmin müsahibəni təqdim edir.

– Azərbaycanlı idmansevərlər xarici idmançılar barədə daha çox məlumat əldə etməyə maraq göstərirlər. İdman karyeranız barədə nə deyə bilərsiniz?
– İdman həyatımın çox önəmli bir hissəsini təşkil edir. 13 yaşımdan etibarən basketbolla məşğulam. 21 yaşımdan karyeramın sonunadək isə NBA-da məşhur basketbolçularla çiyin-çiyinə oynamışam. Hazırkı vəzifəm mənə Serbiyanın idman həyatında xidmətlərimi davam etdirmək üçün böyük imkanlar yaradır.

– Avropanın idman tarixində önəmli bir hadisə olan ilk Avropa Oyunlarının Bakıda keçirilməsini necə dəyərləndirirsiniz?
– Serb xalqı hər zaman Azərbaycan xalqından dost və istiqanlı münasibət görür. Buna görə də ilk Avropa Oyunlarının məhz bu ölkədə keçirilməsi bizim üçün çox sevindirici haldır. Serbiyanın dostunun – Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etmək imkanını qazanmasından çox məmnunuq. Əminəm ki, yarışın böyük uğurla keçməsi üçün Azərbaycan yüksək səviyyəli hazırlıq işləri görür. Ümumiyyətlə belə bir tədbirin təşkili Avropanın idman tarixində önəmli bir hadisədir. Çünki digər qitələrin bu formatda yarışları artıq keçirilməkdədir. Sevindirici haldır ki, Azərbaycan dünya idman tarixinə ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi düşəcək. Ümid edirəm ki, hər şey Azərbaycan xalqının ürəyincə olacaq.

– “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək Serbiya yığmasının yarışa hazırlığı barədə nə deyə bilərsiniz?
– Bütün avropalı idmançılar üçün böyük əhəmiyyət kəsb edən “Bakı-2015” Avropa Oyunlarına serbiyalı idmançılar böyük əzmlə hazırlaşırlar. Bu yarışın idmanın doqquz növü üzrə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə xarakter daşıması idmançılarda məsuliyyəti daha da artırır. İnanıram ki, təxminən 18 idman növü üzrə mübarizə aparacaq 100-dən çox serbiyalı idmançının daxil edildiyi güclü yığmamız Serbiyanı layiqincə təmsil edəcək.

– Azərbaycanda idmanın inkişafı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
– Azərbaycanda bir neçə dəfə səfərdə olmuşam. Sürətlə inkişaf edən ölkənizdə digər sahələrlə yanaşı, idman sektorunun da dinamik tərəqqisi nəzərə çarpır. Azərbaycanda idman tarixində sözünü deyən idmançılar çoxdur. Xüsusilə güləş idman növündə azərbaycanlı idmançıların qazandıqları uğurları vurğulamaq istərdim. Hesab edirəm ki, bu ölkədə “Bakı-2015” Avropa Oyunları üçün hazırlanan infrastruktur Azərbaycan idmanının daha sonrakı illərdəki inkişafına da böyük yatırım olacaq.

Həmin kateqoriyadan