“Bakıda vəziyyəti xeyrimizə dəyişə bilərik”

İslandiyanın “Hafnarfyordur” klubunun baş məşqçisi Heymir Qudyonsson Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:

“Birinci hissədə oyunumuz yaxşı alındı. Komanda hər şeyi düz edirdi. Amma işlərin qaydasında getməməsi üçün bircə səhv yetərli idi. İstənilən halda futbolçularımın qarşısında papaq çıxarıram: onlar azlıqda qaldıqdan sonra da əllərindən gələni etdilər”.

Qapıçı Robert Özkarssonun meydandan qovulmasına münasibət bildirən çalışdırıcı bunları dilə gətirib: “İnter”lə oyunda çoxlu səhv etdik. Amma mənə elə gəlir ki, qapıçımız rəqibə qarşı cərimə meydançasından kənarda qayda pozuntusuna yol vermişdi. Belə olan halda qırmızı vərəqə verməkdə haqlı idi. Lakin onda da penalti şübhə altına düşür. Bütövlükdə, hakimlərdən razı qalmadım. Baxmayaraq ki, adətən bu barədə danışmıram”.

Baş məşqçi cavab matçında şanslarının olduğunu bildirib: “Başa düşürük ki, ev və səfər oyunları arasında fərqlər olur. Amma öz üzərimizdə çox çalışsaq və ağıllı oynasaq, Bakıda vəziyyəti öz xeyrimizə dəyişmək şansımız olacaq. “Hafnarfyordur” səfərdə adətən, yaxşı oynayır”.

Həmin kateqoriyadan