“Çukariçki”nin baş məşqçisi: “Qəbələ” ilə oyunlarda müsbət nəticəyə ümid edə bilərik”

Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az saytına açıqlamasında o, bunları söyləyib:

“Ciddi və yaxşı bir rəqib görəcəyimizi düşünürəm. “Qəbələ”nin heyətində Avropada böyük təcrübə görmüşə futbolçular var. Rəqibə hörmətlə yanaşırıq. Amma müsbət nəticəyə tam ümid edə biləcəyimizi düşünürəm. Bilirik ki, rəqib komandaya çoxlu investisiya yatırılır, klubun böyük büdcəsi var. Amma hesab edirəm ki, komandamız onlara qarşı yaxşı oyun sərgiləyə biləcək”.

Miloyeviç “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku və komandanın bəzi futbolçularını yaxşı tanıdığını deyib: “Qəbələ”də əvvəllər “Çernomorets”də oynamış bir neçə futbolçu var – Dmitri Bezotosnı, Aleksey Qay, Aleksey Antonov. Onlar vaxtilə “Srvena Zvezda”nı yollarından kənarlaşdırmışdılar. Buna görə də onları yaxşı xatırlayıram. Həmin vaxt “Çernomorets”ə də “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edirdi. Amma bu komanda ilə oyunda futbolçularımın özlərini yaxşı tərəfdən göstərməsi mənim üçün çox vacibdir. Rəqibin təcrübəli futbolçular baxımından üstünlüyü var. Lakin mən komandama inanıram”.

“Biz həmişə qələbəyə oynayırıq. Bu, psixoloji baxımdan da çox vacibdir. Sabah dolu tribunalar qarşısında oynamağımızı çox istəyərdim. Bu, bizə kömək edər. Futbolçularım buna layiqdirlər”.

Həmin kateqoriyadan