Edson Kastilyo: Azərbaycan dilini öyrənməyə çalışıram

“Neftçi”nin venesuelalı yeni transferi Edson Kastilyo ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan və yeni klubu barədə bunu söyləyib:

“Burada olduğum üçün çox xoşbəxtəm. Hər gün komandaya daha da uyğunlaşıram. Heyətimiz çox gənc və istedadlı uşaqlardan ibarətdir. “Neftçi” ölkənin ən böyük klublarından biri hesab olunur. Bu, mənim üçün çox yaxşı təcrübədir”.

Kastilyo bəyan edib ki, artıq Azərbaycan dilini öyrənməyə başlayıb: “Azərbaycan dili mənə çətin gəlir. Amma hər gün bu dildə ünsiyyət qurmağa çalışıram. Komandaya gələrkən başa düşdüm ki, baş məşqçi də ispan dilində danışa bilir. Bu, mənim işimi çox asanlaşdırdı. Eyni zamanda braziliyalı futbolçu Jayro ilə də yaxşı münasibətim var və o, komandaya uyğunlaşmağıma çox kömək edir”.

Edson Avropa Liqasının birinci təsnifat mərhələsində bu gün qarşılaşacaqları Malta “Baltsan”ı ilə oyuna da toxunub: “Biz hamımız ancaq qələbə qazanmaq istəyirik. Hər kəs uğurlu nəticəyə köklənib. Bizim bu görüşdə qələbə qazanmaq şansımız var”.

Həmin kateqoriyadan