Ernesto Valverde: “Bakıda uğursuz çıxış etsək…”

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları söyləyib:

“Səbrli davrandıq. “İnter” müdafiəni yaxşı təşkil etmişdi. Qələbə qazandıq, amma hələ mərhələni keçməmişik. Qarşıda bizi Bakıda cavab oyunu gözləyir. Fikrimcə, Bakının istisi bizə problem yaratmayacaq. Çünki bu il Bilbaoda da çox isti var. Rəqib komandanın süni örtüklü meydanda oynamasına gəlincə, biz əvvəllər belə qazonda məşq etmişik. Azərbaycana səfərdən öncə də süni örtüklü meydanda məşq edəcəyik. Bakıda pis oynasaq, buna hava və ya qazon amili ilə haqq qazandırmayacağıq. “Atletik” hələ yeni mövsümə tam hazır deyil. Yenə məşq etmək lazımdır. 2:0 yaxşı nəticədir. Bu gün Erasonu meydana ona görə buraxdım ki, zədəlilərimiz var idi. Mən ona güvənirdim. O da etimadımı doğrultdu. “İnter”in heyətində qapıçını (Səlahət Ağayev), 7 (Nika Kvekveskiri) və 11 (Rauf Əliyev) nömrəli futbolçuları qeyd edərdim”.

Həmin kateqoriyadan