Ernesto Valverde: “İnter” ilə oyunda bizi yalnız qələbə qane edəcək”

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inin rəqibi olan İspaniyanın “Atletik” klubunun baş məşqçisi qarşıdakı oyuna hazırlıq barədə danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Bizim üçün mövsüm demək olar, indi başlayır. Hazırlıq plan üzrə keçib. İki yoxlama görüşü keçirmişik. Əlbəttə, həmin oyunlarda səhvlərimiz olub. Amma qarşıdakı oyuna tam hazırıq. Komanda tam hazır olması üçün bir neçə rəsmi görüş keçirməlidir. “İnter”lə matç ilk oyun olduğu üçün qələbə qazanmaq istəyirik”.

Rəqib çalışdırıcı “İnter” haqda lazımi informasiyanı topladığını bildirib: “İnter”in oyunlarını izləmişik. Ötən mövsüm və çempionatdakı oyunlara da baxmışam. Komandada ciddi dəyişikliklər olub. Yeni futbolçular gəlib. “İnter” iki mərhələ keçib. Sözsüz ki, asan oyun olmayacaq. Rəqib iki mərhələ keçdiyinə görə yüksək əhvaldadır. Futbolçularıma inanıram. Ona görə yaxşı nəticə gözləyirəm”.

Valverde oyunun gedişinə uyğun lazımi müdaxilə edəcəyini deyib: “Heyət artıq məlumdur. Amma onu sizə açıqlamayacağam. Oyunun gedişində lazım olsa, bəzi taktiki dəyişiklik edəcəyik. Hər bir rəqibə hörmətlə yanaşırıq. Bu gün “Atletik” favoritdir. Çünki təcrübəmiz böyükdür. Lakin futbolda səhv etmək olmaz. Doğma azarkeşlər önündə yalnız qələbə bizi razı salacaq”.

“Hesabın önəmi yoxdur. Çox istərdim səfərə rahat yollanaq. Çünki, Bakıda bizi hansı oyun gözləyəcəyini demək çətindir. “İnter” evdə daha rahat oynayacaq. Ona görə növbəti mərhələnin məsələsini müəyyən mənada həll etmək vacibdir. Azarkeşlərdən dəstək gözləyirəm. Mövsümdə ilk oyunumuzdur. Hücum futbolu oynayacağıq”.

“İnter”in heyətində olan futbolçular haqda geniş məlumat yoxdur. Bilirəm ki, bir neçə legionerləri var. Orta xəttdə yaxşı təsir bağışlayırlar. Bütün komandaya qarşı oynayacağıq. Rəqibi meydanda görəcəyik. Videoyazılara baxmaq ayrıdır. Rəqibi meydanda görmək fərqlidir. “Atletik” favoritdirsə, bunu sübut etməlidir”.

Həmin kateqoriyadan