“Gimnastika Azərbaycanda öndə gedən idman növlərindən birinə çevrilib”

“Son illər Azərbayacan idmanının yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Artıq ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib”. Allsport.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının açılış mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkəmizdə keçirilmiş dünya və Avropa çempionatları, beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilib: “Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə öz müsbət münasibətini bildirirlər. Bu etimadı doğrultmaq üçün ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Əminəm ki, biz bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.

İsmayılov gimnastika idman növlərinin açıq ölkə çempionatında iştirak etdiklərinə görə qonaq idmançılara öz minnətdarlığını bildirib: “Belə bir mötəbər yarışın respublikamızda keçirilməsinə köməklik göstərdiyinə görə Avropa Gimnastika İttifaqının rəhbərinə də təşəkkürümü bildirirəm. Avropanın 20-dən artıq ölkəsinin idmançılarının qatıldığı bu yarış şübhəsiz ki, Azərbaycanda gimnastikanın, bu idman növünün kütləviliyinin artmasında, inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə əldə etmələrinə müsbət şərait yaradılacaqdır. Əminəm ki, bu yarış onu izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də unudulmaz idman bayramına çevriləcək. Ona da inanıram ki, belə bir yarışda öz qüvvələrini sınayan idmançılarımız ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında da öz bacarıqlarını nümayiş etdirəcəklər”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda idmanın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Məhz bu dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanın ən ucqar bölgələrində belə olimpiya kompleksləri inşa edilib orada yaşayan insanların istifadəsinə verilmişdir ki, bu gün gimnastika idman növündə həmin bölgələrdə həm təlim-məşq toplanışları, həm yarışlar təşkil olunur, keçirilir. Bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, respublikamızda hər il 60-a yaxın dünya, Avropa və digər lisenziya xarakterli beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunur. Bizim idmançılarımız dünyanın müxtəlif ölkələrində həm olimpiya, həm də qeyri-olimpiya idman növlərində 805 medal qazanblar”.

İsmayılov xüsusilə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu idman növünə göstərdiyi böyük diqqət və qayğını vurğulayıb: “Bu gün Azərbaycanda gimnastika idman növü öndə gedən idman növlərindən birinə çevrilib və bizim gimnastlarımız Avropa və dünya çempionatlarında çox uğurla çıxış edir, respublikamıza medallar qazandırırlar. Hər il bizim respublikamızda gimnastika növü üzrə Avropa çempionatları və beynəlxalq yarışlar keçirilir ki, bu da Mehriban xanım Əliyevanın bu idman növünün inkişafına göstərdiyi diqqətin nəticəsidir”.

Həmin kateqoriyadan