“İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!”

Bu gün gənclər və idman naziri Azad Rəhimov qeyri-olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə videokonfrans keçirib. Allsport.az saytı xəbər verir ki, o, olimpiya növlərində durumun daha sabit olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu bildirib. Sitat:

“Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verildi. Amma siz haqlı şəkildə : “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək?” sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm”.

Azad Rəhimov federasiyalara məşqlər üçün nazirliyin tabeliyində olan olimpia idman komplekslərinin açıq məkalarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümükünlüyünü deyib. Avadanlıqlara gəldikdə isə, nazir idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib. Eyni zamanda, o, federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu bildirdi. Azad Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxunub:

“Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun”.

Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu, ən ümdəsi isə nizamlı olduqlarını söylədi. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırıldı.
Sonra mövzu ətrafında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AzDBTİA-nın rektoru Fuad Hacıyev, MPK-in prezidenti İlqar Rəhimov, AMADA rəhbəri Şəfəq Hüseynli, BŞGİBİ-nin rəisi Raqif Abbasov və digər rəsmilə iştirak edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların formokoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi apardılar.

Qeyd edək ki, iclasda 30-dan çox qeyri-olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edirdi. Buraya budo döyüş növləri, səmti müəyyən etmə, şahmat, bodibildinq və fitnes, kyokuşinkaykan kontakt karate, muaytay və tayboks, uşu, aykido, qocyu-ryu okinava karate-do və kobudo-kempo döyüş növləri, karate-do, pouerliftinq, sambo, kikboksinq və digər federasiyasılar daxildir. Sonda federasiya rəsmiləri onları narahat edən mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürdlbər.

Konfrans zamanı dünyasını dəyişmiş görkəmli idman xadimi, Azərbaycan bədən tərbiyəsi və idman akademiyasının “Güləş və onun metodikası” kafedrasının müdiri, Milli idman növləri assosiasiyasının prezidenti, milli olimpiya komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının ölkə idmanı üçün ağır itki olduğu bildirilib.

Həmin kateqoriyadan