İlkə imza atmaq üçün gözəl şans

“Qəbələ” Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibinin – Serbiyanın “Çukariçki” klubunu keçərsə, Azərbaycan futbolu tarixində ilkə imza atacaq. Allsport.az “Qəbələ” İK qəzetinə istinadla xəbər verir ki, klublarımız 1994-cü ildən təmsil olunduqları avrokuboklarda indiyədək heç vaxt Serbiya klublarından üstün olmayıblar. Roman Qriqorçukun komandası bu tarixi olayı gerçəkləşdirməyə yaxındır.

Maraqlıdır, Serbiya klubları indiyədək, bir qayda olaraq, Bakı təmsilçiləri ilə görüşüblər. Bu baxımdan, “Qəbələ” Serbiya komandası ilə üz-üzə gələcək ilk əyalət təmsilçisidir. Serblərin Azərbaycan klublarından ən çox duelləri “Neftçi”ylə olub – 3 dəfə. İlk dəfə 1999-cu ildə, UEFA kubokunun birinci təsnifat mərhələsində “Srvena Zvezda”ya uduzan (evdə 2:3, səfərdə 0:1) “Neftçi” sonradan Belqradın digər təmsilçisi “Partizan”la qüvvəsini sınayıb. 2012-ci ildə Avropa Liqasının qrup mərhələsindəki oyunlarında
qalib müəyyənləşməyib – Belqradda 0:0, Bakıda 1:1. Bundan 2 il sonra isə “Partizan” həmin turnirin pley-off mərhələsində “Neftçi”yə hər iki oyunda qalib gəlib – səfərdə 3:2, evdə 2:1.

Azərbaycan klublarına ən çox rəqib olan “Partizan” 2008-ci ildə Çempionlar Liqasında ikinci təsnifat mərhələsində “İnter”i mübarizədən kənarlaşdırıb. Tofi q Bəhramov adına Respublika stadionunda 1:1 hesablı heç-heçə edən Azərbaycan komandası səfərdə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bu ölkənin daha bir təmsilçisi “Voyvodina” isə “Olimpik”lə görüşüb. Novı Sad şəhərinin təmsilçisi 2008-ci ildə UEFA kubokunun birinci təsnifat mərhələsində Bakı klubundan üstün olub – evdə 1:0, səfərdə 1:1.

Göründüyü kimi, Azərbaycan klubları bu ölkənin təmsilçiləri üzərində qələbə qazana bilməyiblər. Keçirilən 12 matçın 4-də heç-heçə, 6-da rəqibin qələbəsi qeydə alınıb (topların fərqi 8-15). Belə bir məqamda “Qəbələ”nin Serbiya klubları ilə oyunlarda qələbə qazanaraq mərhələ adlayan ilk Azərbaycan təmsilçisi olmaq şansı var.

Xatırladaq ki, “Qəbələ” ötən mövsüm Azərbaycan Premyer Liqasında, “Çukariçki” isə Serbiya Super Liqasında bürünc medalçı olub.

Həmin kateqoriyadan