“İnter” üçün “Atletik”, “Qəbələ” üçün “Apollon”

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılacaq püşkatmada Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandaların – “İnter”lə “Qəbələ”nin də növbəti rəqibləri bəlli olub.

Düzdür, hələ klublarımız növbəti mərhələyə vəsiqəni təmin etməyiblər. İkinci təsnifat mərhələsində “İnter” İslandiyanın “Hafnarfyordur”, “Qəbələ” isə Serbiyanın “Çukariçki” komandası ilə mübarizə aparır. Təmsilçilərimiz bu rəqiblərini keçsələr, növbəti mərhələdə kiminlə qarşılaşacaqları artıq bəllidir.

“İnter” – “Hafnarfyordur” və “Qəbələ” – “Çukariçki” cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qərarlaşmışdı. Bu isə mərhələ keçəcəkləri halda təmsilçilərimizin özlərindən daha güclü rəqiblərlə qarşılaşacağından xəbər verirdi.

“İnter”in potensial rəqibləri bunlar idi:
“Vitoriya” (Portuqaliya)
“Atletik” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Trabzonspor” (Türkiyə) – “Differdanj” (Lüksemburq) cütünün qalibi (ilk oyun 1:0)
“Koper” (Sloveniya) – “Hayduk” (Xorvatiya) cütünün qalibi (3:2)
“Yagelloniya” (Polşa) – “Omoniya” (Kipr) cütünün qalibi (0:0)

Püşkatma nəticəsində “İnter” – “Hafnarfyordur” cütünün qalibinin növbəti mərhələdə İspaniyanın “Atletik” klubu ilə qarşılaşacağı dəqiqləşib. Komandamız mərhələ adlasa, bu rəqibi ilə ilk oyununu səfərdə, cavab görüşünü isə evdə keçirməli olacaq. Hər halda İslandiyada 2:1 hesabıyla qələbə qazanan Bakı klubunun növbəti mərhələyə çıxmaq şansları daha yüksəkdir.

“Qəbələ”nin potensial rəqibləri isə bunlar idi:
“Atromitos” (Yunanıstan)
“Slovan” (Çex Respublikası)
“Standard” (Belçika)
“Borussiya” (Dortmund, Almaniya)
“Apollon” (Kipr) – “Trakay” (Litva) cütünün qalibi (4:0)
“Vest Hem” (İngiltərə) – “Birkirkara” (Malta) cütünün qalibi (1:0)

Püşk “Qəbələ” – “Çukariçki” cütünün qalibinin bəxtinə də “Apollon” (Kipr) – “Trakay” (Litva) cütünü çıxarıb. İlk oyunda 4:0 hesabıyla üstün olmuş kiprlilərin növbəti mərhələyə çıxacaqları demək olar ki, dəqiqdir. Kipr klubunun “Qəbələ” və ya “Çukariçki” ilə qarşılaşacağı isə hələ dəqiqləşməyib. Yeri gəlmişkən, “Qəbələ” – “Çukariçki” cütünün qalibi növbəti mərhələdəki ilk matçını evdə, cavab görüşünü səfərdə keçirməlidir.

Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab görüşləri isə avqustun 6-da baş tutacaq.

Həmin kateqoriyadan