Kayak və kanoe üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb

Kayak və kanoe üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb

Azərbaycanın kayak və kanoe üzrə milli komandasının mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.

Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) yalnız 200 metr məsafəyə yürüşlərə qatılacaq. Əvəzində Anatoli Melnik elə 1 nəfərlik qayıqla (C-1) 500 metr və 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Kupinlə Avropa çempionu Sergey Bezqlıydan ibarət duet isə 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə yer alacaq.

Kayakçılara gəldikdə, əsas diqqətlər olimpiya çempionu İnna Osipenko-Radomskayanın Azərbaycan yığmasının heyətində ilk böyük yarışdakı çıxışına yönələcək. 33 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr, 500 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. İstedadlı kayakçı Mirnazim Cavadov isə kişilərin yarışında 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.

Kayak və kanoeçilər baş məşqçi Aleksandr Kolıbelnikov, eləcə də Anatoli Dudnik və Dmitri Radomskinin rəhbərliyi altında mübarizə aparacaqlar. Yığmanın tərkibi 3 – 5 apreldə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatasının yekunlarına əsasən müəyyənləşdirilib. Həmin reqatanın ardından milli komanda elə Mingəçevirdə təlim-məşq toplanışı keçib. Aprelin 28-də səfərə çıxacaq nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov rəhbərlik edəcək.

Qeyd edək ki, Çexiyadakı qitə çempionatı “Bakı 2015” I Avropa Oyunları öncəsi ilk ciddi sınaq olacaq. Oyunlar zamanı kayak və kanoe yarışları 14 – 16 iyunda keçiriləcək.

Həmin kateqoriyadan