Luis Araqon “Qəbələ”dən getdi

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici komandaları arasında Azərbaycan çempionatına yekun vuruldu. Allsport.az xəbər verir ki, bu mövsüm inamlı çıxışı ilə diqqət çəkən, uzun müddət liderlər qrupunda qərarlaşan “Qəbələ” son turlardakı məğlubiyyətlər səbəbindən yarışı 49 xalla 4-cü pillədə bitirdi.

Komanda çempionatın axırıncı oyununda da uğursuzluqdan yaxa qurtara bilmədi. 36-cı turda “Bakı” ilə görüş turnir cədvəli baxımından formal xarakter daşısa da, “qırmızı-qaralar” doğma meydançada çempionatı major notda başa vurmağı bacarmayıblar. “Bakı”nın üzvü Mahir Mədətovun qolu matçda ilk və yeganə olub. Məğlubiyyətə əsas səbəb kimi psixoloji və fiziki yorğunluğu göstərmək olar. Bundan başqa, “Qəbələ”nin məşqçilər korpusu son turda heyətdə bir neçə gözlənilməz dəyişiklik edib. Belə ki, “çərçivə” mövsümdə ilk dəfə Həsən Hüseynova tapşırılıb. Daha bir yenilik isə kapitan sarğısının Şamil Camaləddinova verilməsi olub. Çempionat boyu, əsasən, əvəzetmədən meydançaya daxil olan yarımmüdafiəçi “Bakı” ilə görüşdə kapitanlıq funksiyasını yerinə yetirib. Oyundan sonra isə o, “Qəbələ” ilə yollarını ayırıb. Komanda ilə vidalaşan digər futbolçu isə Müşfiq Teymurovdur. Mövsümün əvvəlində əsas komandanın düşərgəsində yer alan, Premyer Liqada üstüstə 5 oyun keçirən təcrübəli müdafiəçi daha sonra əvəzedici heyətə qaytarılıb. Teymurov əsas komandanın heyətində axırıncı dəfə 2014-cü il noyabrın 23-də “Simurq”a (2:3) qarşı forma geyinib. Faktiki olaraq, Dorinel Muntyanunun istefasından sonra əsas komandada Müşfiqə ehtiyac görülməyib.

Əvəzedici heyətdə ən böyük ayrılıq isə baş məşqçi ilə əlaqədardır. Belə ki, ispaniyalı mütəxəssis Luis Antonio Araqon mövsüm yekunlaşan kimi vətəninə qayıdıb. 2012-ci ilin iyunundan “Qəbələ”də çalışan məşqçi ilə müqavilənin müddəti uzadılmayıb. Xatırladaq ki, vaxtilə “Barselona”nın Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda çalışıb. O, İspaniya və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkilinə də rəhbərlik edib. Onun “Qəbələ”də əsas vəzifəsi Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesini tamamlamaq və əsas komandanı hazır futbolçularla təmin etməkdən ibarət olub. Əcnəbi çalışdırıcı 2013-cü ildə “Qəbələ” U-19 komandasına ölkə birinciliyinin qızıl, 2014-cü ildə “qırmızı-qaralar”a əvəzedicilərin çempionatında gümüş medalları qazandırıb.

Həmin kateqoriyadan